Yerli və introduksiya olunmuş pambıq sortlarının quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığı
Sosial həyat

Yerli və introduksiya olunmuş pambıq sortlarının quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığı

Azərbaycanda   əsas  əkinçilik   sahələrindən   olan   pambıqçılıq, sahənin inkişafı, yeni texnologiyaların tətbiqi elm adamlarının, sahə mütəxəssislərinin həmişə diqqət mərkəzindədir.

“Respublika” xəbər verir ki, bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun  Mil Təcrübə stansiyasında “Yerli və introduksiya olunmuş pambıq sortlarının quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığı” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) layihə koordinatoru Nəzakət İsmayılzadə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, pambıqçı fermerlər, ölkəmizdə pambıq istehsalı ilə məşğul olan şirkətlərin  nümayəndələri iştirak ediblər.

Nazirliyin   mətbuat    xidməti    bildirir  ki,  tarla seminarında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq  çərçivəsində Pakistandan ölkəmizə

gətirilən toxum sortlarının və yerli sortların əkildiyi sahələrə baxış keçirilib. Müvafiq sortların xəstəlik və zərərvericilərə, quraqlığa, şoranlığa davamlılıq məsələləri qiymətləndirilib, mümkün bioloji məhsul hesablanıb. Qeyd olunub ki, Pakistandan gətirilən “Super Cotton” sortu bütün bioloji, məhsuldarlıq və texniki göstəricilərinə görə digər sortlardan üstünlüyü ilə fərqlənir. Bu sort üzrə təcrübə

əkinlərində orta məhsuldarlığın hektardan  85-90 sentner olması gözlənilir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq  çərçivəsində 2017-2021-ci illəri əhatə edən “Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsi üzrə işlər başa çatıb.

Nəriman   CAVADOV,

“Respublika”.