Böyük alim, fədakar elm xadimi
Elm və təhsil

Böyük alim, fədakar elm xadimi

Naməlumluğu tanımağa kəşfetmə deyirlər. Kəşf edilən araşdırılır, öyrənilir, digər məlumatlarla analogiyalar əsasında xarakterizə edilir. Bəs tanımadığın insanı tanımaq da kəşf etməkdirmi? Kəşf etməkdi. Kəlmələşirsən, onun düşüncələrindən düşüncələrinə işıq düşür, bu işıq zaman anlamında sabahların işığına dönür.

Bu duyğuları Südeif İmamverdiyevi tanıyanda da yaşamışam.

Südeif Bəşir oğlu İmamverdiyev 1938-ci il iyulun 2-də Astara şəhərində müəllim ailəsində anadan olub. Astara 1 saylı orta məktəbində rus bölməsində təhsil alıb. Orta məktəbi 1956-cı ildə bitirib. Həkim olmaq istəyib - bir ömürdə neçə-neçə ömürlər yaşatmaq niyyəti ilə bu peşənin mahir bilicisi olmağı qərara alıb. Sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə verib. İnstitutu 1962-ci ildə bitirib.

Hələ tələbə ikən cərrahiyyəyə daha böyük marağı olub. Bu gözəl duyğu onda - insanın daxili aləmini zahirdəki kimi görmək marağı yaradıb! Bu maraq tələbə Südeifin elmi axtarışlarının yolgöstərəni olub. İnstitutun 5-ci kursunda təhsil alarkən hospital cərrahiyyə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor B.M.Mahmudbəyov və dosent M.F.Muradovun rəhbərliyi altında "Nefrektomiyadan sonra qalan yeganə böyrəyin funksiyası" adlı ilk elmi iş üzərində işləyib. Həmin iş 1962-ci ildə Bakı şəhərinin ali məktəblərinin tələbə elmi işləri arasında birinci yeri tutaraq fəxri fərmana layiq görülüb. Bu, onun urologiya sahəsində ilk elmi işi idi.

İnstitutu bitirdikdən sonra 1962-1963-cü illərdə leytenant hərbi rütbəsində cərrah həkim kimi hərbi xidmətdə olub. 1963-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Bakıya qayıdaraq M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində uroloq işləyib.

Südeif İmamverdiyev həkim olaraq elmi axtarışlarını davam etdirib, cəmiyyət üçün gərəkli bir sahə üzrə tədqiqatlar aparıb, 1968-ci ildə "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili çanaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1972-ci ilin sentyabrında doktorluq dissertasiyası üzərində elmi axtarışlarını davam etdirmək üçün Moskvaya Ümumittifaq Cərrahiyyə Mərkəzinə ezam olunub. 1972-1974-cü illərdə bu nəhəng mərkəzdə elmi axtarışlarını davam etdirib. 1974-cü il dekabrın 24-də akademik B.V.Petrovskinin və görkəmli damar cərrahı, Dövlət mükafatı laureatı, professor M.D.Knyazyevin elmi rəhbərliyi altında Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda 36 yaşında doktorluq dissertasiyası müdafiə edib. Doktorluq dissertasiyasında da təbabətdə ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub ki, bu da elmi yenilik kimi dəyərləndirilib.

1975-ci ilin yanvarında tibb elmləri doktoru Südeif İmamverdiyev doğma Vətənə qayıdandan sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent işləyib və Tibb İnstitutunda urologiya kafedrasının açılması üçün fəal iş aparıb. Onun məqsədyönlü səyi və gərgin fəaliyyəti nəticəsində 1975-ci ilin martında Tibb İnstitutunda urologiya kafedrası açılıb. İnstitutun Urologiya kafedrasında fəaliyyətə başlayanda - 1976-cı ildə bu kafedranın dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən kafedranın müdiri vəzifələrində işləyib, elmi təfəkkürü, elm təşkilatçılığı, elmlə məşğul olanlara rəhbərliketmə qabiliyyəti onu təhsil ocağında ən yaxşılardan biri kimi tanıtmışdı. Yaxşı həkim, elm nəzəriyyəçisi, təcrübəyə malik cərrah idi. Belə kadrlar həm rəhbərliyin, həm də əməkdaşların ehtiramı, sevgisi ilə əhatələnir. Professor Südeif İmamverdiyev belə ehtiram, sevgi ilə əhatələnmişdi. "Sevgisiz iş yeri insan üçün ən dözülməz əzab yeridir. İnsan sevərək işləməli, işləyərək sevməlidir. Təbabət mənə ömür qədər əzizdir...", - professor Südeif İmamverdiyev könül sirdaşlarına, onun məsləhətlərini arzulayanlara belə deyirdi.

Tibb elmləri doktoru, professor Südeif İmamverdiyev həm də Azərbaycan elminin tanıdılmasının cəfakeşlərindən biri olub. Bu elm fədaisi Azərbaycandan kənarda mötəbər elmi konfranslarda Azərbaycanı böyük elm mücahidi kimi təmsil edib. Bu təmsiletmə Azərbaycan elminə, Azərbaycan tibb elminə, Azərbaycanda urologiyanın bu səviyyədə inkişafına rəğbət yaratmışdı...

Qafqazda ilk dəfə böyrək arteriyasının ekstra korporal rezeksiyası və böyrəyin autotrans-plantasiyası əməliyyatını uğurla yerinə yetirən (1979) professor Südeif İmamverdiyevin təşəbbüsü və rəhbərliyi ilə 2007-ci ildə Bakıda "Uroonkoloji əsaslara müasir baxışlar" adlı böyük elmi-praktiki konfrans keçirildi. Belə bir problemə həsr edilən elmi-praktik konfransın məhz Bakıda keçirilməsi həm də dünyəvi nüfuz amili ilə səciyyəvi idi və bu, vətənpərvər alimin adı ilə tarixləşdi.

Dünyaca məşhur alimin "Urologiya" kitabı tibb elmi üçün böyük nəzəri (həm də təcrübi!) mənbələrdən biridir...

Obrazlı şəkildə desək, professor Südeif İmamverdiyev əlinə qələm alanda yeni bir elmi tezis yaranıb, skalpeli əlinə alanda hansısa fəsad, fəsadlar aradan qaldırılıb. Dünya tibb elminin ehtiramı ilə əhatələnən professor Südeif İmamverdiyev 1999-cu ildən etibarən aşağı sidik yollarının xoş və bədxassəli şişləri zamanı TUR əməliyyatlarının uğurlu tətbiqini hazırlayıb.

Professor Südeif İmamverdiyevin elmi kadrların yetişdirilməsində, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılmasında müstəsna xidmətləri ayrıca qeyd edilməlidir. Südeif müəllimin rəhbərliyi altında 21 fəlsəfə doktorluğu, 10 elmlər doktorluğu dissertasiyası müdafiə edilib. Urologiyanın müxtəlif problemlərinə həsr edilmiş 350-dən çox elmi məqalənin, 10 monoqrafiyanın, 6 dərs vəsaitinin, 5 metodik vəsaitin, 13 səmərələşdirici təklifin və ixtiranın müəllifidir.

Tibb elmləri doktoru, professor Südeif İmamverdiyev 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü, 2002-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2011-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Uroloqlar Cəmiyyətinin sədri, Azərbaycan Androloqlar Cəmiyyətinin fəxri sədri, Türk Uroloji Dərnəyinin fəxri üzvüdür.

Böyük alim, bacarıqlı elm təşkilatçısı, tibb elmləri doktoru, professor Südeif İmamverdiyev vətən, xalq və tibb elmində göstərdiyi xidmətlərinə görə "Şöhrət", "Şərəf" ordenləri, "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplom"u, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Akademik Yusif Məmmədəliyev adına medal"la təltif olunub. 2008-ci ildə "Əməkdar elm xadimi" adına cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təkliflərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının "Alfred Nobel" gümüş medalına layiq görülüb. Bu elm fədaisinin daha neçə-neçə xarici təltifləri var.

Tibb elmləri doktoru, professor Südeif İmamverdiyev təkcə Azərbaycanda deyil, türk dünyasında da kifayət qədər tanınır. O, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) sədridir. Bu Birliyin fəaliyyəti bəşəri fəaliyyətdir.

2022-ci ildə bu Birliyin üzvləri Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyətinə səfər təşkil edib, səfər zamanı iki dövlət arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı mövzusunda müzakirələr aparılıb. Bu, mahiyyət baxımından dövlətçiliyə xidmətdir.

Südeif İmamverdiyev bütün türk dünyasında tanınan, sevilən bir insandır.

Taleyimdən razıyam ki, Südeif müəllimi mən də tanımışam...

Alim ömrü ömürlərə işıq olduğu üçün dünya bəşərilik yoluna meyillənir...

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim.