Bolqarıstan əlavə həcmdə Azərbaycan qazının qoca qitəyə nəqlində maraqlıdır
Digər xəbərlər

Bolqarıstan əlavə həcmdə Azərbaycan qazının qoca qitəyə nəqlində maraqlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb. Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsi pozitiv çıxdığı üçün onlayn şəkildə bir araya gələn dövlət başçıları bir sıra vacib məsələləri müzakirə ediblər. Müzakirə mövzuları arasında enerji təhlükəsizliyi məsələsi prioritet təşkil edib. Bolqarıstanın Azərbaycandan qaz almasından məmnunluğunu bildirən Prezident Rumen Radev deyib ki, ölkəsi Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəqletməyə hazırdır.

Rəsmi Sofiyanın bu əməkdaşlıqda maraqlı olması aydın məsələdir. Çünki birgə layihələrin həyata keçirilməsi Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaradır. Bu məqsədlə, Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru da fəaliyyətə başlayıb. İnterkonnektorun ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir. İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Yaxın perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Bunun nəticəsində Azərbaycan təbii qazının Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcəyi planlaşdırılır. Bununla belə, elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə oluna bilər. Odur ki, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtının çatdığını deyə bilərik.

Enerji sahəsi ilə yanaşı, Bakı və Sofiyanın digər sahələrdə də əməkdaşlığının inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında da Bolqarıstanın rolu xüsusilə vurğulanmalıdır. Ümumiyyətlə, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Ölkələrimiz arasında  strateji səviyyəyə yüksələn əməkdaşlığın uğurlu nəticələri yeni  perspektivlər vəd edir. Amma Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, iki ölkə arasında həm də dostluq əlaqələri möhkəmdir.

Jalə QASIMZADƏ,

“Respublika”.