Bölgə melioratorlarının payız qayğıları
Region

Bölgə melioratorlarının payız qayğıları

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) bölgələrdəki idarə və təşkilatları hazırda payız qayğıları ilə məşğuldurlar.

Ağdam Melioservis İdarəsi magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin lildən təmizlənməsi, kanalların beton üzlüyə alınması, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işlərini həyata keçirir. Bu işlər bir neçə istiqamətdə davam etdirilir. İdarə tərəfindən bu il Tərtər rayonu ərazisindən keçən Qapanlı suvarma kanalının bir hissəsi beton üzlüyə alınıb. Ağdam Melioservis İdarəsi tərəfindən su itkisinin qarşısının alınması, suvarma suyunun maneəsiz olaraq əkin sahələrinə çatdırılması istiqamətində də böyük işlər görülür. Fermerlərin su təminatının yaxşılaşdırılması üçün hazırda Tərtər rayonunun İsmayılbəyli kəndindən keçən torpaq məcralı kanal lildən təmizlənir.

Qeyd edək ki, Melioservis İdarəsi Ağdam rayonunda yerləşməklə ölkənin bir sıra rayonlarında meliorativ tədbirlər həyata keçirir.

Samux Suvarma Sistemləri İdarəsi bu rayonun 30 min hektara yaxın suvarılan torpaqlarına xidmət edir. İdarənin balansında 580 ədəd subartezian quyusu və 26 ədəd nasos stansiyası, 30 ədəd maşın-mexanizm var ki, bunların da hər biri işlək vəziyyətdədir. Əkin sahələrinin suvarılması üçün ümumi uzunluğu 726 kilometrdən uzun olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar mövcudur. Bundan 65,5 kilometr təsərrüfatlararsı, 658 kilometri isə təsərrüfatdaxili kanallardır. Kanallar üzərində 3 kilometr suötürücü kanal və 63 ədəd hidrotexniki qurğu da istismar olunur. Suvarmanın mütəşəkkil və itkisiz aparılması üçün kanallarda və çaylarda lildən təmizləmə işləri həyata keçirilir.

ASC-nin mətbuat xidməti bildirir ki, Samux rayonunda bu il 12 min hektardan artıq sahədə taxıl, 770 hektar xəsil və 800 hektar təzə yonca səpilib. Əkilən taxıl sahələri suvarma suyu ilə təmin olunub və biçilərək götürülüb. Qalan bitkilərin suvarılması isə davam etdirilir.

Nəriman CAVADOV,

"Respublika".