BMT-nin qərəzli yanaşmaları öz nüfuzunu sarsıdır
Siyasət

BMT-nin qərəzli yanaşmaları öz nüfuzunu sarsıdır

İkinci Dünya müharibəsindən sonra qalib dövlətlərin qarşısında dünyada sülhün qorunması, təhlükəsizliyin təmin edilməsi, separatizmin qarşısının alınması, demokratiyanın inkişafına dəstək və s. məsələlər dayanırdı. Məhz bu çərçivədə, dövlətlərin ərazi bütövlüyünün qorunmasını, bir-birinin daxili işlərinə qarışmaması, zor tətbiq etməməyi özünün əsas prinsipləri kimi müəyyənləşdirən Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Lakin XXI əsrin qlobal problemlərinə qarşı bu qurum adekvat yanaşma sərgiləyə bilirmi? Bu prinsiplər əsasında fəaliyyət həll yollarını özündə ehtiva edirmi? Yeni dünya nizamının axarına uyğunlaşa bilməyən BMT qısa dövr ərzində qlobal proseslərə əlverişli həll yolları ilə təsir edə bilməsə sonuncu "mogikan" dövrünü yaşamalı olacaq.

Ötən müddət ərzində BMT-nin fəaliyyətinin təhlili göstərir ki, dövrün əsas problemlərinə qarşı qurum hələ də ikili standartlardan qurtula bilməyib. Bunun əsas səbəblərindən biri BMT-nin 5 daimi üzvünün veto hüququna malik olmasıdır. Belə ki, BMT-nin Nizamnaməsində əks etdirilən və hamılıqla qəbul edilən əsas prinsiplər məhz onun 5 daimi üzvü, xüsusilə də ABŞ, Rusiya və Fransa tərəfindən pozulur. Bu dövlətlər özlərinin mənafeyinə uyğun olan qərarların qəbul olunmasına dərhal nail olurlar. Əgər, BMT üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş qərarları qeyd edilən 5 daimi üzvdən birinin mənafeyinə uyğun gəlmirsə, qlobal əhəmiyyətli problem olmasına baxmayaraq müzakirədən çıxarılır. Məhz bu səbəbdəndir ki, 30 ilə yaxın bir dövr ərzində Ermənistanın işğal altında saxladığı ərazilərimizin dərhal, qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi icra edilmədi. Məhz BMT-nin 3 daimi üzvünün təmsil olunduğu ATƏT-in keçmiş Minsk qrupunun reallıqda işğalçını dəstəkləyən "fəaliyyətinin" nəticəsidir ki, Ermənistan nəinki işğal etdiyi əraziləri azad etmək istəmədi, həyasızcasına yeni ərazilər xəyalına düşdü. Bu gün yenidən Ermənistan tərəfindən keçmiş Minsk qrupunun dirçəldilmə cəhdləri də buna xidmət edir. Ermənistanın bu cür mövqe sərgiləməsinin əsas səbəblərindən biri də BMT-nin artıq ikili standartlar əsasında fəaliyyət göstərən qurum kimi formalaşmasıdır.

Azərbaycan regional lider olaraq öz müqəddəratını həll etmək iqtidarındadır. 44 günlük Vətən müharibəsi bunun əyani sübutudur. BMT-nin 4 qətnaməsinin icrasının mümkünsüzlüyü Azərbaycanı müharibə meydanında ədaləti bərpa etməyə sövq etdi. Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman əsgərlərimizin şücaəti və şəhidlərimizin qanı bahasına Vətən həsrəti sona yetdi. Artıq bütün dünya anladı ki, Azərbaycan bu müddət ərzində səbr göstərir, məsələnin dinc yolla həllinə üstünlük verirdi. Lakin yeni ərazilər iddiasında olan hayları şirnikləşdirən güc dairələri - Cənubi Qafqazda öz maraqları üçün yeni münaqişə ocaqları yaratmaq istəyənlər bu gün də məğlub Ermənistanı ayağa qaldırmağa çalışır, onun mənafeyinə uyğun hərəkət edirlər.

Xatırladaq ki, BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda, sədri olduğu Qoşulmama Hərəkatının 120 üzvü adından çıxış edən ölkə başçımız İlham Əliyev bildirmişdir: "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq". Çıxışında Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu bir daha beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır.

Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın qlobal əhəmiyyətli məsələlərə təsir mexanizmlərinin yaradılmasından bəhs edərkən bir sıra məqamları vurğulamaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsi ilə bağlıdır. Ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin istəkləri əsasında fəaliyyət göstərir. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edilərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovinada, Yuqoslaviyada və Liviyadakı proseslərlə bağlı ədalətli yanaşmanın olmamasını misal göstərmək olar.

XXI əsrin başlanğıcında BMT-də Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra islahatların aparılması daha kəskin şəkildə gündəmə gəldi. Təşkilatın 59-cu və 60-cı sessiyalarında bu məsələ geniş müzakirə edildi. 2004-cü ildə keçirilmiş 59-cu sessiyada 120 nümayəndə rəhbəri BMT-də islahatların aparılması tələbi ilə çıxış etdilər. 2005-ci ildə keçirilmiş 60-cı sessiyada isə BMT-nin baş katibi Kofi Annanın TŞ üzvlərinin sayını 24-ə çatdırmaq haqqında verdiyi təklif geniş və gərgin müzakirə edildi. Bu mənada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "dünya 5-dən böyükdür" fikri də qlobal düzənin dəyişməsinə və islahatların vacibliyinə önəmli çağırışdır. Nəhayət, BMT-nin 70-ci yubiley sessiyasında Ukrayna və Suriyada baş verən hadisələr kontekstində islahatlar haqqında daha ətraflı danışıldı. Dünyanın təhlükəsizliyi ilə məşğul olan bir təşkilatın mütləq islahatlara getməli olduğu qətiyyətlə vurğulandı. BMT-dəki ikili standartlara daha bir əyani misal İslam Əməkdaşlıq Təşkilatı kimi qlobal əhəmiyyətli bir quruma üzv olan dövlətlərdən heç birinin BMT-nin daimi üzvlüyünə qəbul edilməməsi faktıdır. Həm proseslərə adekvat yanaşma sərgilənməsi baxımından, həm də islamofobiyanın tüğyan etdiyi bir dövrdə hələ də bu addımın atılmaması ikili standartın bariz nümunəsidir.

Nurlan ABDALOV,

"Respublika".