BMT-nin iş prinsipində fərdi maraqlar
Digər xəbərlər

BMT-nin iş prinsipində fərdi maraqlar

XXI əsrin əvvəllərindən dünya miqyasında bir sıra mürəkkəb və ziddiyyətli hadisələrin baş verməsi BMT-nin iş prinsipini ortaya çıxardı. Görünən odur ki, problemlərin həllinə obyektiv yanaşmadan daha çox ölkələr arasında ayrı-seçkilik müşahidə olunur. Bu kontekstdə islahatların vacibliyi vurğulansa da BMT-nin 5 daimi üzvü məsələyə biganə yanaşmağa davam edir. BMT-də dəyişikliklər haqqında hələ keçən əsrin 60-cı illərində söhbətlər gedirdi. 1965-ci ildə TŞ-nin üzvlərinin sayının artırılması məsələsi qaldırılmışdı. O zaman üzvlərin sayı 11-dən 15-ə yüksəldildi. Lakin TŞ-nin daimi üzvləri və onların hüquqları dəyişmədi. Bu isə öz növbəsində daimi üzvlərin hegemoniyasını artırdı.

BMT-nin gələcək taleyi haqqında müxtəlif proqnozlar verilir. Bir qisim ekspertlər qurumun struktur-funksional özəlliklərinin dəyişməsinin əleyhinədir. Onlar əsas olaraq böyük dövlətlərin ədalətli mövqe tutmasını, dünya miqyasında geosiyasi nizamın normal hala gətirilməsini yetərli sayırlar. Lakin böyük əksəriyyət artıq BMT-nin səmərəli fəaliyyət göstərə bilmədiyi qənaətindədir. Bu da təsadüfi deyil, çünki bu cür mövqe bir neçə ildir ki, qlobal miqyasda baş verən hadisələrə BMT-nin kifayət qədər təsir göstərə bilməməsindən qaynaqlanır. Bunu təsdiq edən çoxlu sayda faktlar mövcuddur. XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması daha kəskinliklə gündəmə gəldi. Təşkilatın 59-cu və 60-cı sessiyalarında bu məsələ geniş müzakirə edildi. 2004-cü ildə keçirilmiş 59-cu sessiyada 120 nümayəndə rəhbəri BMT-də islahatların aparılması tələbi ilə çıxış etdilər. 2005-ci ildə keçirilmiş 60-cı sessiyada isə BMT-nin baş katibi Kofi Annanın TŞ üzvlərinin sayını 24-ə çatdırmaq haqqında verdiyi təklif geniş və gərgin müzakirə edildi. Bu mənada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "dünya 5-lərdən böyükdür" fikri də qlobal düzənin dəyişməsinə və islahatların vacibliyinə önəmli çağırışdır. Nəhayət, BMT-nin 70-ci yubiley sessiyasında Ukrayna və Suriyada baş verən hadisələr kontekstində islahatlar haqqında daha ətraflı danışılıb. Dünyanın təhlükəsizliyi ilə məşğul olan bir təşkilatın mütləq islahatlara getməli olduğu qətiyyətlə vurğulanıb. Dünyanın aparıcı ölkələri BMT TŞ-nin genişlənməsini vacib hesab edir. Özü də TŞ-nin həm daimi, həm də müvəqqəti üzvlərinin yeniləşməsi gündəmə gətirilir. Burada həm coğrafi baxımdan düzgün təmsilçilikdən, həm də sülhyaratma missiyasını effektiv yerinə yetirməkdən bəhs edirlər. İslahatlardan danışarkən, məsələnin bu aspektinə xüsusi diqqət yetirmək gərəkdir. Çünki real olaraq yeniləşmədən BMT üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilməz. O, müxtəlif bölgələrə maddi yardım daşıyan adi qeyri-hökumət təşkilatı səviyyəsinə enə bilər. Təsadüfi deyil ki, mütəxəssislər bu təşkilatın humanitar siyasətini də son zamanlar ciddi tənqid atəşinə tuturlar.

Daimi üzvlərin veto haqqı məsələlərə obyektiv yanaşmanın qarşısını alır. BMT-nin 5 üzv ölkəsi öz iqtisadi və siyasi maraqları üçün bu hüquqdan sui-istifadə edirlər. Bu halın anlaşılmazlıqları artırdığının nümunəsi kimi Suriya məsələsində Rusiya və Çinin veto hüququndan istifadə etməsi faktını göstərmək olar. Əvəzində isə Moskva və Pekinin hazırladığı sənəd digər üzvlər tərəfdən qəbul edilmədi. Eyni qaydada, Rusiya və Çinin meydana çıxardığı istənilən sənədə Qərb öz maraqlarına uyğun reaksiya verməyə davam etdi. Şübhəsiz ki, belə gərgin və tərəfkeş psixoloji mühitdə BMT-nin səmərəli işləməsi mümkün deyil.

Sülh və sabitlik tərəfdarı olan BMT təmsilçilərinin gərgin regional struktura sahib ərazilərdəki uğursuzluğu Şərqdə terrorun artmasına səbəb oldu. İraqa, Liviyaya, Suriyaya, Əfqanıstana müdaxilə edən üzv ölkələr stabillik yarada bilmədi. Bu da öz növbəsində, görülən işlərin səmərəsizliyinin təzahürüdür. Əlavə olaraq, başqa dövlətləri də terror dalğası bürüdü. Qısaca desək, Yaxın Şərqdəki müsəlman ölkələri ixtilaflar içində boğulur. Mərkəzi Asiya ölkələri müstəqil siyasət yetirməkdə çətinlik çəkirlər. Bütün bunlar nəzərə alındıqda, BMT TŞ-də müsəlman dövlətlərin təmsil olunmaması isə başa düşülən deyil. Görünən odur ki, BMT-nin 5 daimi üzvü öz maraqlarına yox, beynəlxalq mühitin yenidən formalaşdırmasına xidmət etməyənə qədər bu kimi problemlər öz həllini tapmayacaq.

Nurlan ABDALOV,

"Respublika".