BİZ QAYITDIQ
Gündəm

BİZ QAYITDIQ

44 günlük Zəfər salnaməsinin Füzuli səhifəsi

Bu gün Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri olub. "Bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək", - deyə Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində qeyd edib. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb.

Azərbaycan Respublikasında "Füzulinin azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunublar. Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədiblər. Vaxtilə Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu, ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi.

Zəngin infrastruktura və tarixi abidələrə malik Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.

Mustafa KAMAL,

"Respublika".