Biçin prosesi sürətlənir
İQTİSADİYYAT

Biçin prosesi sürətlənir

Respublikanın bölgələrində arpa biçini davam edir. Neftçalada arpa sahələrinin 30 faizində biçin başa çatıb. İlkin mərhələdə dəmyə ərazilərdə aparılmış əkin sahələrində arpa biçininə başlanıb. 6 iyun Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

Hər il olduğu kimi, 2023-cü il taxıl biçini mövsümünə Neftçala rayonunda start verilib. Payızlıq əkinlər dövründə Neftçalada 30 min hektardan artıq sahədə taxıl səpini aparılıb. Sahələrin təxminən 80 faizində arpa səpilib. Əlverişli iqlim şəraiti Neftçalada arpanın digər rayonlara nisbətən daha tez yetişməsinə səbəb olur.

Qısa müddət ərzində rayon üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Biçinin sürətlə getməsinin səbəbi prosesə çoxlu sayda taxılbiçən kombaynın cəlb olunması, “Aqroservis” ASC tərəfindən əvvəldən müyyən olunmuş tələbata uyğun olaraq Neftçalaya digər rayonlardan əlavə kombaynlar dislokasiya etməsidir.

Hazırda respublikanın 36 rayonunda arpa biçini davam edir. Bu günə qədər 54400 hektar sahədə arpa biçini başa çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20586 hektar artıqdır.

Hazırda biçin prosesi davam edir.

 “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri həyata keçirilib.

“Respublika”.