Sahibkarlığın inkişafına dövlət dəstəyi yeni iş yerlərinin açılmasına stimul verir
İQTİSADİYYAT

Sahibkarlığın inkişafına dövlət dəstəyi yeni iş yerlərinin açılmasına stimul verir

Bu gün qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin diqqət mərkəzindədir. Azərbaycanın iqtisadi inkişafını xarakterizə edən ən mühüm amillərdən biri ölkəmizdə məhz güclü sahibkarlar təbəqəsinin formalaşmasıdır. Hazırda ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların təbəqəsinin rolu və mövqeyi davamlı şəkildə güclənir.

Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuş, qəbul olunan Dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaranmışdır.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir. Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biridir. Regionların yeni siyasi-iqtisadi reallığından söz açarkən, ilk növbədə 2004-cü ildən bu günədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşmiş, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Ölkə iqtisadiyyatının sürətli inkişaf dinamikası və çoxşaxəliliyi uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Dövlət rəhbərinin qeyd etdiyi kimi, bu istiqamətdə ən önəmlisi ondan ibarətdir ki, məhz qeyri-neft sektoru artan templərlə inkişafdadır və bu da yürüdülən siyasətin nəticəsidir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar ölkəmizin neftdən asılılığını azaltmaqla yanaşı, yoxsulluq səviyyəsinin minimuma enməsinə, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə imkan vermişdir. Uğurla gerçəkləşdirilən iqtisadi strategiya respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarmışdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 mart 2014-cü il tarixdə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalamışdır. Fərman sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.

Azad sahibkarlığın inkişafında ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə başlayan yeni mərhələ sahibkarlar təbəqəsinin milli iqtisadiyyatda rolunu daha da artırıb. Bu gün ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: "Sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkcə əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Milli Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsidir ki bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".

Sahibkarlığın inkişafına dövlət dəstəyi sayəsində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kreditlərin verilməsi bu gün də davam edir. SİF-in məlumatına görə, 2022-ci ildə ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Ölkə Prezidenti İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə yaradılan İqtisadi Zonaların İnkişafı Agentliyi fəaliyyətə başlayandan idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 246 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik statusu verib. Bu rezidentlər tərəfindən həyata keçiriləcək layihələr üzrə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. 30 sahibkarlıq subyektindən 12-si Ağdam Sənaye Parkının, 2-si "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 10-u Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 3-ü Hacıqabul Sənaye Məhəlləsinin, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıblar. Bu rezidentlər tərəfindən sənaye zonalarında müxtəlif tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin, elektrik cihaz və avadanlıqlarının, müxtəlif tikinti kimyəvilərin, yumşaq polimer qablaşdırma məhsullarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin və s. istehsalı layihələri həyata keçiriləcək. Agentliyin yarandığı iki il ərzində idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən təxminən 5,2 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 1,9 milyard manatlıq hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi ilə dünyanın bir sıra ölkələrinə (ABŞ, Kanada, BƏƏ, Çin, Rusiya, Çexiya, İngiltərə, İsrail, İspaniya, Avstriya və s.) ixrac olunub.

Ümumilikdə isə indiyədək sənaye zonaları üzrə layihələrin ümumi investisiya həcmi 7 milyard manata yaxın olan 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb və 10400-dən artıq daimi iş yeri yaradılıb.

Bu gün ölkəmizdə sağlam biznes mühitini genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur. Hər bir sahibkar gələcəkdə də yeni layihələrin reallaşmasına ümid və inamla baxır, etibarlı dövlət dəstəyini hər an hiss edir.

Müşfiq MİRZƏ,

"Respublika".