BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının monoqrafiyası ABŞ-da nəşr edilib
Elm və təhsil

BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının monoqrafiyası ABŞ-da nəşr edilib

BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev və həmin institutun baş elmi işçisi, riyaziyyat elmləri doktoru, dosent Nailə Vəliyevanın həmmüəllif olduqları 412 səhifəlik monoqrafiya "Algorithms of the synthesis of optimal regulators" (Aliev F.A., Larin V.B., Velieva N.I.) ABŞ-da "Outskirts Press" nəşriyyatında çap olunub.

AZƏRTAC xəbər verir ki, monoqrafiyada cəbri, dövri və birtərəfli Rikkati, Lyapunov və Silvester matris tənliklərinin həlli üsulları təqdim olunub. Həmçinin ümumiləşdirilmiş Silvester tənlikləri, matris polinomların kəsilməz və diskret halda faktorizasiyası alqoritmləri verilib. Eyni zamanda, optimal tənzimləyicilərin sintezi məsələsi faza koordinatlarının bir hissəsi ölçülən halda da araşdırılıb. Məlum parametrləşdirmə (Youla-Jabr-Bongiorno (1976) və Desoer-Liu-Murrau-Saeks (1980) alqoritmlərinin monoqrafiyada təqdim olunan ümumi parametrləşdirmə alqoritmlərinin xüsusi halı olduğu göstərilib. Bu tənliklərdən optimal idarəedicilərin sintezi problemlərində istifadə olunur.

Alınan nəticələrin pilotsuz uçuş aparatlarının idarə edilməsində, neftin qazlift üsulu ilə çıxarılmasında və müxtəlif problemlərin həllində tətbiq olunması göstərilib. Monoqrafiyada alınan nəticələr riyazi dəqiqliklə işlənib, hər bir bölmə çoxsaylı misallarla MATLAB riyazi proqramlar paketində nümayiş etdirilib.

Monoqrafiyadan tələbələr və tətbiqi riyaziyyat və idarəetmə sistemləri nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

AZƏRTAC