Bayram konserti təşkil edilib
Region

Bayram konserti təşkil edilib

Ağsu

Ağsu şəhər Mədəniyyət evində Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə konsert təşkil edilib.

Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatlarının, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bayramlar münasibətilə səmimi ürək sözlərini bölüşüb.

Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyası bu gün Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 44 günlük Şanlı Zəfər tariximizdən bəhs edən RİH başçısı vurğulayıb ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən Ölkə başçısı qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük Qələbəni şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olundu. Rayon rəhbəri Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyib.

Daha sonra tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin, eləcə də şagird kollektivlərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib.

M.NƏRİMANOĞLU,

“Respublika”.