Baş Prokurorluqda geniş kollegiya iclası
Sosial həyat

Baş Prokurorluqda geniş kollegiya iclası

Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, 2023-cü ildə ölkə ərazisində 36811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 21104 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1350-i prokurorluq orqanlarında istintaq edilmişdir.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslara rədd edilmiş materiallar  üzrə ümumilikdə 509 milyon 237 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək onun 41,4 faizinin, yəni 210 milyon 936 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 139 milyon 150 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 54,8  faizinin, yəni 76 milyon 223 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 50 milyondan manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulmuşdur.

Xüsusi qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik "Elektron prokurorluq" informasiya sistemi artıq prokurorluq oqranlarının tam istifadəsinə verilmiş və bəzi informasiya sistemlərinə inteqrasiyası təmin edilmişdir.

2023-cü il ərzində Baş İdarədə fəaliyyət göstərən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 71-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. 

Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 56 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 158 cinayət işi başlanıb.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 97 şəxs barəsində 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 18 şəxs barəsində 7 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.

Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 10 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 4-ü üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində  16811  şəxs barəsində  15344, apellyasiya instansiyası məhkəmələrində 4652 şəxs barəsində 4137, kassasiya instansiyası məhkəməsində  2643 şəxs barəsində  2297 (bütün instansiya məhkəmələri üzrə cəmi 24106 şəxs barəsində 21778 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

2023-cü ildə prokurorluq orqanları tərəfindən 1436 apellyasiya və 625 kassasiya protestləri verilmiş,  687 apellyasiya protesti və 121 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunmuşdur.

Keçən ildə Respublika Hərbi Prokurorluğu tərəfindən ordu quruculuğu sahəsində verilən tapşırıqların icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumlarla birlikdə zəruri tədbirlərin görüldüyü qeyd edilib.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilər əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların  müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı bildirilib.

Kollegiya iclasında Baş prokuror tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı Ermənistan Respublikası və qondarma rejim tərəfindən törədilmiş ağır və xüsusilə ağır cinayətlərlə bağlı separatçılar barəsində olan cinayət işi üzrə milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğun olaraq tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, bütün zərərçəkmiş şəxslərin, habelə bu cinayətlər nəticəsində dövlətə və vətəndaşlara vurulmuş maddi ziyanın müəyyən edilməsi, eləcə də təqsirli şəxslərin tam dairəsinin və onların ittihamlarının  həcminin dəqiqləşdirilməsi, qısa müddət ərzində cinayət işinin ibtidai istintaqının yekunlaşdırılaraq məhkəməyə göndərilməsi, habelə qeyd edilən iş çərçivəsində işğalda olmuş torpaqlarımızda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş müxtəlif Avropa şirkətlərinin vəzifəli şəxslərinin milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Gəncə və Mingəçevir şəhər, Füzuli və Zəngilan rayon prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi isə "Azərbaycan Respublikası Prokurorluğunun 2024-2026-cı illər üzrə Strateji İnkişaf Konsepsiyası"nın layihəsi ilə bağlı məruzələrlə çıxış edib, məruzələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.

“Respublika”.