Xocalıda yanan Novruz tonqalı
Sosial həyat

Xocalıda yanan Novruz tonqalı

Yazın, baharın gəlişindən xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qeyd edilir. Builki bahar isə bütöv, suveren Vətənimizin hər qarışında, güneyində, cənubunda, eləcə də Qarabağ və Şərqi Zəngəzur torpaqlarında qarşılanır. Bəli, bu il bayram tonqalımız əvvəlki illərdəkindən daha gur yanacaq.

Mikayıl Müşfiqin təbirincə desək:

Ellərin keyfi sazdır,

Bu yaz, bir başqa yazdır!

Vətən torpağının üzü gülür, doğma sakinlərini qarşılamaq üçün bahar ovqatı ilə bəzənir başdan-başa. Yaz havası, sərin meh sığal çəkir qaysaq bağlamış yaralarımıza. Qarqar çayının göz yaşı kimi dupduru sularından 32 il qabaq vahimə, qorxu içində keçən xocalılılar bu gün o yerlərə sevinclə gəlirlər. Üzü Xocalıya sarı boylanan baxışlarda bir fərəh, qürur, əzəmət var. Onlara bu gücü verən isə Vətən torpağında dalğalanan Azərbaycan bayrağıdır. O bayraq ki, uzun illərin işğal dövründən sonra, 2023-cü il 15 oktyabrda Prezident İlham Əliyev tərəfindən ucaldıldı. Dünyanın Xocalıya vermədiyi ədaləti Azərbaycan əsgəri, Ali Baş Komandan verdi. Doğma şəhərindən ağırçaplı silahlarla qovulan insanlar Xocalıya qayıtdılar. Bir zamanlar axan qanlarına boyanan çiçəklərin ləçəyini sevərək oxşadılar. Biz Xocalıya qayıdırıq. Gəlirik, doğma el-oba, yurd-yuva, oymaq yaralarını sarmağa, dərdini unutdurmağa. O müdhiş gecədə ərşə qalxan ah-naləni xoş avaza, qorxudan ağlayan, aclığa, soyuğa dözməyən uşaqların çığırtısını körpə gülüşləri ilə əvəzləməyə. Ona görə gəlirik ki, bu yurd bizim yurdumuzdur.

Hər il 26 fevral Xocalı faciəsini Bakıdakı "Ana harayı" abidəsi önündə anan Prezident İlham Əliyev həmin gün Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirərək, Soyqırımı Memorialının təməlini qoydu. Abidə olduqca maraqlı dizayn və quruluşda tərtib edilib. Üzərindəki yaşıllıq, ağaclar isə Qarabağda və Xocalıda yenidən dirçəlib, boy atan yeni həyatın, bərəkətli və firavan gələcəyin rəmzi, təsviridir. Sakinlərlə görüşən dövlət başçısı bildirib: "Ona görə ki, sizin kimi, mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleks yaradılacaq".

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın separatçı qüvvələrinin bir hissəsi Xankəndi və digər ərazilərdə gizlənmişdi. 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Əsgəran, Ağdərə, Xankəndi ilə yanaşı, Xocalı da işğaldan azad edildi. Ən qədim yaşayış məskənlərindən biri olan bu şəhərdə keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar tərəfindən aparılan tədqiqatlar zamanı qədim dövrə aid bir çox abidələr tapılıb. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirən qədim Azərbaycan ərazisindədir. Əlverişli coğrafi mövqeyə malik şəhər 1905-1906-cı və 1917-1918-ci illərdə dəfələrlə xəyanətkar ermənilər tərəfindən yandırılmışdı. 1991-ci ildə rayonun əhalisi 7000 nəfərə yaxın olub. İşğaldan az öncə şəhər statusu almış Xocalıda yeni tikilmiş geniş yaşayış massivləri, şərab və pivə zavodları, məişət xidməti kombinatı, tikinti müəssisəsi, 100 çarpayılıq xəstəxana, 30 məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub və başqa məişət obyektləri fəaliyyət göstərib. Şəhər statusu alandan sonra Xocalı xeyli böyümüş, orada iri yaşayış massivləri tikilmişdi. 1992-ci ildə isə Ermənistandan, Xankəndidən didərgin salınmış soydaşlarımız, Özbəkistanın Fərqanə vilayətindən qaçqın düşən Ahıska türkləri və yüzlərlə məhsəti türkü də Xocalıda məskunlaşmışdı.

Bu gün isə işğaldan azad olunmuş şəhərdə yeni həyat qurulur. Dövlətimiz ermənilər tərəfindən yandırılıb tamamilə məhv edilən Xocalı şəhərinin mərkəzində 283 evdə əsaslı təmir-bərpa işləri aparır. Eyni zamanda Xocalı şəhərinin bütün kommunikasiya xətləri yenidən qurulur, yeraltı işlər həyata keçirilir. Qarlı-şaxtalı hava şəraitinin olmasına baxmayaraq, işlər böyük sürət və keyfiyyətlə aparılır. Çünki yaxın zamanlarda Böyük Qayıdış planına uyğun olaraq şəhərə sakinlərin köçürülməsi reallaşacaq. Xocalı sakinləri artıq doğma torpaqlarına qovuşacaqlar. Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Yurdlarına, toy-bayramlı günlərinə dönmək arzusu ilə yaşayırlar. Necə ki, 32 ildən sonra bütün haqsızlıqlara sinə gərərək, qalibiyyət sevincini yaşayırıq. Novruz tonqalları alovlanır qəribsəmiş yurd yerlərimizdə, çərşənbələrin ilki olan Su çərşənbəsi torpağımıza hopan pislikləri, günahları öz aydınlığı ilə yuyub, saflığa çıxarır. Üzü günəşə sarı boylanan ümidlər, arzular hər çiçəkdə, ləçəkdə cücərir, boy verir. Günəşdən qüvvət alan azad torpaqlar üzümüzə gülərək, bizi oyanışa, dirilişə səsləyir. Beləcə, Xocalının da yeni növrağı başlayacaq, toylar-düyünlər çalınacaq, neçə qıza nişan aparılacaq. Al-əlvan xonçalar bəzəyəcək xınalı əlləri.

Ramidə YAQUBQIZI,

"Respublika".