Baş prokuror Abşeron rayonunda vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli üçün göstərişlər verib
Digər xəbərlər

Baş prokuror Abşeron rayonunda vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli üçün göstərişlər verib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları vətəndaşların qəbulunu daim diqqətdə saxlayaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 2-də Baş prokuror Kamran Əliyev Abşeron Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhəri, Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıb.

Qəbulda iştirak edən 33 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Abşeron Rayon Prokurorluğunda Abşeron və Zəngilan rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə müşavirə keçirərək vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkili, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı tövsiyələrini verib.

AZƏRTAC