BAMF prezident seçkilərində müşahidəçilik fəaliyyəti ilə bağlı yekun açıqlama yayıb
Siyasət

BAMF prezident seçkilərində müşahidəçilik fəaliyyəti ilə bağlı yekun açıqlama yayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) növbədənkənar prezident seçkilərində müşahidəçilik fəaliyyətinin yekunlarına dair açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, seçkiyə qədərki dövrdə BAMF bir neçə dəfə paytaxt Bakıda və regionlarda müşahidəçilərlə görüşlər keçirib və onlar üçün təlimlər təşkil edib.

Seçki günü BAMF-ın müşahidəçilik missiyası seçkilər yekunlaşanadək aktiv fəaliyyətdə olub. Müşahidəçi heyət üzvləri ümumilikdə 22 fərqli dairə olmaqla, 38 məntəqədə səsvermə prosesini izləyiblər. Əlli nəfərlik heyətdən 10 nəfəri işğaldan azad olunmuş ərazilərdə - Xankəndi, Şuşa, Füzuli, Xocalı və Ağdərədə müşahidəçilik missiyasını yerinə yetirib.

Müşahidəçilər seçki günü sona qədər prosesləri izləyib və məntəqələr üzrə qeydlərini aparıblar. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə seçicilərin fəallığı nəzərəçarpacaq dərəcədə yüksək olub. Müşahidələr onu göstərir ki, əksər məntəqələrdə 85-90 faizə qədər seçici fəallığı izlənilib. Bu fəallıq xüsusilə məcburi köçkün qəsəbələrində və işğaldan azad olunmuş ərazilərdə yerləşən məntəqələrdə müşahidə edilib.

Müşahidəçilərin qeydlərinə əsasən, seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib. Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub.

Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib.

Seçki prosesi zamanı seçkilərin nəticələrinə təsir edəcək heç bir qayda pozuntusu aşkarlanmayıb. Müşahidəçilərin qeydlərinə əsasən, yalnız kiçik və seçki prosesinə təsir etməyən yanlışlıqlara yol verilib. Seçkilərin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı insanların fəal iştirakı müşahidə olunub.