Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda tədbirlə bağlı mətbuat konfransı keçirilib
Gündəm

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda tədbirlə bağlı mətbuat konfransı keçirilib

Martın 5-də "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda Bakıda keçiriləcək beynəlxalq elmi konfransla bağlı mətbuat konfransı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə dəstəyi ilə keçiriləcək. Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndənin iştirakı gözlənilir.

Beynəlxalq elmi konfransın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran F.Şəfiyev tədbirin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıb. BMTM-in rəhbəri qeyd edib ki, həm 30 illik işğal dövründə, həm də ondan sonra Azərbaycan islamofobiyanın fəsadları ilə üzləşib, hazırda Qərb mediası və siyasətçiləri tərəfindən ölkəmizə qarşı aşkar qərəzli kampaniya həyata keçirilir. Bakıda ikinci dəfə təşkil olunacaq islamofobiya ilə bağlı konfransda hədəf bu mənfi tendensiyalara təkan verən siyasi, iqtisadi, mədəni, diskriminativ faktorların müəyyən edilməsi və onlara qarşı ortaq strategiyanın formalaşdırılmasıdır. Onun sözlərinə görə, Qafqazda yaranmış yeni reallığı qəbul etməmək əks-təbliğata təkan verən əsas səbəblərdəndir. Azərbaycanın artıq beynəlxalq münasibətlərdə orta güc kimi çıxış etdiyini deyən Fərid Şəfiyev qeyd edib ki, bu il ölkəmiz COP29 və digər qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək.

Konfransın əhəmiyyətini qeyd edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov bəzi qüvvələrin İslam adı altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışdıqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan isə hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub və bu siyasətini indi də davam etdirir.

İcraçı direktor Azərbaycanın qlobal problemləri hər zaman diqqətdə saxladığını və onların həlli istiqamətində müvafiq tədbirlər həyata keçirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, əsas hədəf islamofobiyadan əziyyət çəkən insanların səsini dünyaya çatdırmaqdır. O, tədbirdə alimlər, din xadimləri, QHT nümayəndələrindən başqa, yerli ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin, dini icma rəhbərlərinin və dövlət rəsmilərinin də iştirak edəcəklərini bildirib.

İslamofobiyanın əsasən Qərb ölkələrində yayılmış bir ideologiya olduğunu vurğulayan icraçı direktor islamofobiya ilə bağlı ikinci konfrans zamanı əsas mövzu ətrafında ciddi müzakirələrin, açıq dialoqların aparılması, araşdırma materiallarının təqdimatları üçün platformanın təmin ediləcəyini bildirib. Onun sözlərinə görə, bəzi qüvvələr İslam adı altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışırlar. Dövlətimizin dini inanclara çox həssaslıqla yanaşdığını, qlobal problemlərə münasibətinin ədalət çərçivəsində olduğunu vurğulayan Rəvan Həsənov konfransın təşkilində məqsədin Qərb ölkələrinin islamofobiya ilə bağlı çirkin niyyətlərini ifşa etmək olduğunu deyib. Qeyd edib ki, Bakıda keçiriləcək konfrans dini inancla bağlı ədalətsizliyə qarşı bir platforma rolunu oynayacaq.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. Bu barədə ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında qərar verilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib.