Azərkosmos “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir
Digər xəbərlər

Azərkosmos “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

Azərkosmosun nümayəndə heyəti 23-25 may tarixlərində Norveçin paytaxtı Oslo şəhərində keçirilən “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da (Global Space Conference on Climate Change) iştirak edir.

Dünyanın aktual mövzusu olan iqlim dəyişikliyi üzrə beynəlxalq təşəbbüsləri təşviq etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə keçirilən bu konfrans Beynəlxalq Astronavtika Federasiyası və Norveç Kosmik Agentliyi ilə birgə təşkil olunub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilir.

İri kosmik agentliklər – Avropa Kosmik Agentliyi, Avropa İttifaqı Kosmik Proqramı Agentliyi (EUSPA), İtaliya, Fransa, Norveç, Böyük Britaniya, Avstriya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiyanın kosmik sahə üzrə nümayəndələri qlobal iqlim dəyişikliyinin azaldılması tədbirlərinə töhfə vermək üçün bir araya gəliblər.

Konfransda iqlim dəyişikliyinin ətraf mühitə təsiri, iqlim dəyişikliyi ilə idarə olunan kosmik tətbiqlər və xidmətlər, dəyişən iqlimin siyasətə və qanuna təsiri, iqlim dəyişikliyinin yaratdığı kommersiya imkanları, iqlim dəyişikliyi ilə bağlı kosmik missiyalar üzrə indiki və gələcək əməkdaşlıq, ətraf mühitin dəyişməsinin sosial, kommunikasiya, iqtisadi ölçüləri müzakirə olunur.

Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov konfransda bildirib ki, ölkəmizdə də iqlim dəyişikliyinin səbəblərini anlamaq və yaxın gələcəkdə mümkün mənfi təsirləri aradan qaldırmaq üçün davamlı kosmik monitorinqlər aparılır.

Əli SADIQOV,

“Respublika”.