Azərbaycanın yaratdığı yeni reallıqlar qəbul edilməlidir
Siyasət

Azərbaycanın yaratdığı yeni reallıqlar qəbul edilməlidir

Azərbaycanın digər ölkələr ilə münasibəti beynəlxalq hüquq və ədalət üzərində formalaşmışdır, o cümlədən Ermənistanla da beynəlxalq hüquq normalarına uyğun şəkildə münasibətlərin normallaşdırılması və əməkdaşlığın qurulması üçün səy göstərilir.

Prezident İlham Əliyev iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsinin vacibliyinin bildirmişdir. Belə ki, Ermənistan konstitusiyasında Qarabağ düşmən ölkənin ərazisi kimi qeyd olunub. Yəni bir tərəfdən ana qanununda Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır, digər tərəfdən isə sülh müqaviləsini imzalayıb münasibətlərin normallaşdırılmasına hazır olduqlarını bildirirlər. Bu daban-dabana zidd olan iki məsələ eyni vaxtda qüvvədə ola bilməz. Ona görə də Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyirsə, konstitusiyasında dəyişikliklərin edilməsi qaçılmazdır. Ermənistanın ortaya atdığı məsələlər isə absurddur. Yəni gah konstitusiyanın dəyişdirilməli olduğunu, gah da buna ehtiyac olmadığını ifadə edir. Amma Prezident İlham Əliyev ciddi mesajlar səsləndirən zaman belə yenə də sülh üçün real imkanların olduğunu bildirir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti bu gün çaşqınlıq içində yaşayır. Keşişin moderatorluq etdiyi etiraz aksiyaları Ermənistan hakimiyyətinə Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsində çətinlik yaradır. Belə ki, 4 kəndimizin qaytarılması və 12,7 km ərazisində delimitasiyanın aparılmasından istifadə edən baqratlar Paşinyan hakimiyyətini ələ keçirmək üçün var gücü ilə çalışırlar.

Bu gün Ermənistan hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşdırılması üçün konstitusiyasında dəyikliklərin ediləcəyini elan etsə, bu, Paşinyan hakimiyyəti üçün yeni təhlükələr meydana gətirə bilər. Ona görə də rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün ölkə daxilində qətiyyətli addımlar atmaqdan çəkinir. Bu vəziyyətin nə qədər davam edəcəyi isə məlum deyil.

Azər BADAMOV,

Milli Məclisin deputatı.