Azərbaycanın XVIII əsr tarixinin tanınmış tədqiqatçısı
Sosial həyat

Azərbaycanın XVIII əsr tarixinin tanınmış tədqiqatçısı

Milli tariximizin mühüm ictimai-siyasi, sosial-iqtisadi və mədəniyyət hadisələri ilə zəngin olan dövrlərindən biri də XVIII əsrin II yarısı, XIX əsrin 20-ci illəri dövrüdür. Bu dövrün elmi problemləri içərisində siyasi tarixlə yanaşı, sosial-iqtisadi məsələlərin tarixinin tədqiqi xüsusi yer tutur. Bu məsələlərin tarixi və onların elmi həlli ilə Azərbaycan milli tarix elminin Hüsü Hacıyev, Fuad Əliyev, Tofiq Mustafazadə, Süleyman Məmmədov, Gövhər Məmmədova, Şəfiqə Həmidova, Hüseyin Dəlili kimi nümayəndələri məşğul olmuşlar. Xüsusilə də xanlıqlar dövrünün sosial-iqtisadi tarixinin mühüm sahəsi olan sənətkarlıq tarixinin öyrənilməsi işində bu il anadan olmasının 70 illiyini qeyd etdiyimiz tarix elmləri doktoru, professor Camal Mustafayevin rolu danılmazdır.

Camal Mehdi oğlu Mustafayev 1952-ci il oktyabr ayının 16-da Qazax rayonunun Cəfərli kəndində qulluqçu ailəsində anadan olmuşdur. O, 1959-1969-cu illərdə Cəfərli kənd 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1974-cü ildə ali təhsilini başa vurub 1974-1978-ci illərdə Quba rayonunun İspik kənd orta məktəbində müəllim işləmişdir. Camal Mustafayev 1978-ci ilin payızında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani doktoranturasına daxil olmuş və tarix elmləri doktoru, professor Fuad Əliyevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 1993-cü ildə Azərbaycanın XVIII əsr sənətkarlıq tarixinə dair dissertasiya işini müdafiə etmişdir. Camal Mustafayev 1981-1994-cü illərdə Tarix İnstitutunda müxtəlif vəzifələrdə çalışmaqla bərabər, respublikanın müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Çoxsaylı elmi və elmi-populyar, dərslik və dərs vəsaitlərinin müəllifidir. O, 2007-ci ildə Tarix İnstitutunun nəzdində yaradılmış Dissertasiya Şurasında tarix elmləri doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmiş və bu elmi dərəcəni almışdır.

Professor C.Mustafayevin əsərləri bir neçə, o cümlədən türk, rus, ingilis dillərində bir çox ölkələrdə nəşr edilmişdir. O, mütəmadi olaraq respublikada və xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda tədqiqat mövzusu üzrə elmi məruzələrlə çıxış edir. Camal müəllimin elmi rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış kadrlar hazırlanmışdır. O, 2003-cü ildən bu günədək AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində yaradılmış Dissertasiya Şurasının üzvü və dissertasiya işlərinin rəsmi opponenti kimi fəaliyyət göstərir. 1990-1992-ci illərdə ADNSU-nun Tarix kafedrasında baş müəllim, 1992-2009-cu illərdə ADNSU-nun Tarix və ictimai fənlər kafedrasında dosent, 2009-cu ildə isə İctimai fənlər kafedrasının professoru vəzifələrində çalışmışdır. Hazırda tarix elmləri doktoru, professor Camal Mustafayev Azərbaycan milli neft sənayesi üçün keçən 102 il ərzində professional kadrlar hazırlayan və bütün dünyada məşhur olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai elmlər kafedrasına rəhbərlik edir. O, 3 monoqrafiyanın, 2 dərs vəsaitinin və 90-dan çox elmi məqalənin, 90 elmi-metodiki vəsaitin müəllifidir. Camal müəllim həm də gözəl ailə başçısıdır, bir oğlu və bir qızı vardır. O indi həm də babadır. Mən bütün dostlar adından Camal müəllimi anadan olmasının 70 illiyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və uğurlar arzulayıram.

Cəbi BƏHRAMOV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun icraçı direktoru,

t.ü.f.d., dosent.