Sosial-iqtisadi inkişaf daim diqqət mərkəzində
İqtisadiyyat

Sosial-iqtisadi inkişaf daim diqqət mərkəzində

"Hər bir məmur xalqının xidmətçisi olmalıdır". Hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısının qətiyyəti və prinsipiallığı hökumətin daha çevik, məsuliyyətli fəaliyyətini şərtləndirir və həyata keçirilən islahatları səmərəli nəticələr verməsini də təmin edir. Ölkə başçısının hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha əzmlə çalışmağa sövq edir. Bu cür hesabatlar həm də konkret zaman intervalında əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, hökumətin fəaliyyət istiqamətlərinin ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında ictimai müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib.

Ölkəmizin müstəqil iqtisadi siyasət yürütməsi, beynəlxalq maliyyə qurumlarının təsiri ilə hərəkət etməməsi, maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştirakdan çəkinməsi qlobal iqtisadi böhranın respublikamıza təsirini zəiflədən əsas amillər sırasındadır.

Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Azad sahibkarlığın inkişafı istiqamətində atılan addımlar respublikamızda demokratik islahatların iqtisadi yüksəlişə paralel şəkildə davam etdirilməsinə, ölkəmizin siyasi, hüquqi, iqtisadi və digər sferalarda beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir.

Xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, xüsusi əhəmiyyətli sənəddir. Dövlət Proqramının əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirməyə və əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmağa yönəlib. Proqram əsasında Azərbaycan hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu sayda yeni iş yerinin açılmasını təmin etmişdir. Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı insan amilinə xidmət etməklə yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutmuşdur.

Heç şübhəsiz ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin hər birinin həyata keçirilməsi Azərbaycanın dinamik inkişafını daha da sürətləndirmişdir.

Bu gün Azərbaycanın təşəbbüskarı olduğu hər bir layihə dünyada xüsusi maraqla qarşılanır. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə ərazisində həyata keçirilir. Məhz bu amillər ölkəmizi fərqləndirir, dünya miqyasında önə çıxarır.

Qələbəmizin simvollarından olan Zəfər yolunun istifadəyə verilməsi həyata keçirilən ən uğurlu layihələrdən biridir. Cəmi 10 aya belə bir nəhəng layihənin müvəffəqiyyətlə başa çatdırılması təqdirəlayiqdir. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun - Zəfər yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb.

Yolun inşası qısa müddətdə tamamlanıb. 2021-ci il 7 noyabr tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışına qatılıblar. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası dövlət başçısının daimi nəzarəti altında icra olunub.

Tarixi torpaqlarımızda aparılan bərpa işlərini birbaşa olaraq Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi nəzarətdə saxlaması, hər bir layihənin açılışında şəxsən iştirak etmələri Azərbaycan ictimaiyyətində xüsusi rəğbət, böyük məmnuniyyət, fəxr və qürur hissi yaradır.

Azərbaycanın Lideri Qarabağı nəinki regionun, bütün dünyanın müasir, möhtəşəm və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Prezident İlham Əliyev qarşıya qoyduğu bütün hədəflərə uğurla çatıb və ölkəsini daim zirvələrə qaldırıb. Qarabağın hazırda cənnətməkana çevrilməsi və bu inkişafın sürətli şəkildə davam etdirilməsi böyük uğurlarındandır.

Bu ərazilərin sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq, həmin ərazilərdə inşa edilən beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək. Bütün bunlar isə regionun inkişafına böyük təkan verməklə yanaşı, investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq. Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi, həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi qarşısına məqsəd qoyub və bu məqsəd istiqamətində inamla irəliləyir.

Xalqımız, hətta bütün dünya bu ərazilərdə sürətlə aparılan quruculuq və abadlıq işlərinin şahididir. Hava limanlarının tikintisi, yolların çəkilməsi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, "ağıllı şəhərlər"in və "ağıllı kəndlər"in salınması, kənd təsərrüfatının qurulması bu ərazilərin dünyada öz bənzərsizliyi ilə seçiləcəyinə əsas verir.

Bütün bunlarla yanaşı, həmçinin uğurlu sosial siyasətin həyata keçirilməsi də milli inkişafa mühüm töhfələr verib, vətəndaş məmnunluğunu təmin edib. Əhalinin rifahı, həyat şəraiti daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərə səbəb olub. Yeni dövrün çağırışlarına müvafiq surətdə həyata keçirilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər ölkəmizin dayanıqlı inkişafını təmin edib. Son 20 ilin statistik göstəriciləri Azərbaycanın inkişafını əyani şəkildə əks etdirir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması sosial-iqtisadi inkişaf siyasətinin mühüm istiqamətlərində səmərəli tədbirlər həyata keçirilməsi ölkəmizin iqtisadiyyatını daha da sürətləndirir. Regionların sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir və bu istiqamətdə kompleks tədbirlər görülür. Bu tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanın bütün bölgələrində dinamik inkişaf göstəriciləri qeydə alınıb, regionların vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib.

Bayram SALMANOV,

"Respublika".