Azərbaycanın Qızıl Aypara və Türkiyənin Qızıl Ay cəmiyyətlərinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib
Digər xəbərlər

Azərbaycanın Qızıl Aypara və Türkiyənin Qızıl Ay cəmiyyətlərinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib

Oktyabrın 25-də Mərkəzi Qan Bankında Azərbaycanın Qızıl Aypara və Türkiyənin Qızıl Ay cəmiyyətlərinin təşkilatçılığı ilə "Canımız bir, qanımız bir" şüarı altında qanvermə aksiyası keçirilib.

 AZƏRTAC xəbər verir ki, aksiyaya qoşulan Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, türk iş adamları, Azərbaycanın Qızıl Aypara və Türkiyənin Qızıl Ay cəmiyyətlərinin üzvləri, tələbələr, könüllülər və s. həvəslə müayinədən keçərək qan veriblər.

Aksiya zamanı qanverənlər arasında Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Milli Məclisin üzvü Məlahət İbrahimqızı və başqaları iştirak ediblər. Onlar xeyriyyə tədbiri barədə öz ürək sözlərini və fikirlərini də bölüşüblər.

Azərbaycan və Türkiyə qardaşlığından bəhs edən səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib: "Min illər boyu qan insan sağlamlığı ilə bağlı olan bir anlayışdır. Son yüz ildə qanın ehtiyacı olanlara köçürülməsi ilə əlaqədar elmi əsaslar və onun texniki məqamları çox təkmilləşib. Müasir tibbin böyük uğurlarına baxmayaraq, qanı əvəz edəcək bir maddə yoxdur. Ona görə də qan tələbatı donorların hesabına ödənilir. Bu mənada donorlar çox böyük və faydalı iş görür, öz həyatları boyu bir neçə dəfə ehtiyacı olanların dadına yetirlər. Bugünkü aksiya rəmzi xarakter daşısa da, onun böyük tibbi dəyəri var, çünki aksiya zamanı toplanan qan ehtiyacı olanlara həyat bəxş edəcəkdir".

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov aksiya haqqında bunları söyləyib: "Canımız bir, qanımız bir" Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türkiyənin Qızıl Ay Cəmiyyəti Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən humanitar aksiyanın məqsədi xəstəliklə üzləşmiş və qana ehtiyacı olanlara yardım göstərməkdən ibarətdir. Son zamanlar dünyada baş verən hadisələr, pandemiya, 44 günlük Vətən müharibəsi nəticəsində çoxlu şəhidlər və yaralılar olduğu halda təbii ki, qana böyük ehtiyac var. Səhiyyə Nazirliyi ilə birgə imzaladığımız əməkdaşlıq memorandumu çərçivəsində bu fəaliyyəti həyata keçiririk. Ümid edirəm ki, bu layihə xoş əks-səda doğuracaq, çünki bu gün "bir millət, iki dövlət" devizi "canımız bir, qanımız bir" devizi ilə davam etdirilir. Heç şübhəsiz ki, bundan sonra da bu birliyi öz fəaliyyətimizdə davam etdirəcəyik".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı aksiyanın əhəmiyyətindən bəhs edərək deyib: "Çox şükür ki, bu gün əksər xəstəxanalarda qan bankı var və qana olan ehtiyacı təmin edir. Ancaq baş verən zəlzələ, qanlı savaşlar nəticəsində qan ən çox axtarılan həyati nemətə çevrilir. Ona görə də bugünkü aksiya çox savab və xeyirxah işdir, eyni zamanda, qan verənlərin özləri üçün də sağlamlıq əhəmiyyəti daşıyır. Bugünkü aksiya Türkiyə-Azərbaycan qardaşlığını qan qardaşlığına çevirir. Türkiyə Qızıl Ay Cəmiyyətinin Şimaldan Cənuba, Şərqdən Bakıya ayaq basmadığı, əl uzatmadığı bir coğrafiya yoxdur. Bu təkcə yardım anlamında deyil, qardaş köməyidir və bunun ən bariz nümunəsini Vətən müharibəsi günlərində gördük. Bu gün Türkiyə Qızıl Ay Cəmiyyətinin Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə birlikdə görəcəyi çox iş var. Onlardan ən xeyirxah və faydalı olan bir təşəbbüsü olan bu qanvermə aksiyası nəticəsində dostluğumuzu və qardaşlığımızı nümayiş etdiririk".

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Türkiyə Cümhuriyyətinin növbəti ildönümü ərəfəsində keçirilən aksiyanı yüksək dəyərləndirib: "Min illər keçsə də, türk dünyasının böyük şəxsiyyətləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlətik" sözləri bizim üçün bir yol xəritəsi olacaq. Biz bu gün bu sözlərin əməli ifadəsini görürük. Son illər Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində əlaqələrimiz ən yüksək səviyyəyə çatıb. Bu gün nə Azərbaycanda, nə də Türkiyədə qana ehtiyac yoxdur, lakin bu, bir növ qanımızın yeniləşməsi deməkdir. Qan olarsa, can var, can olarsa, həyat var. Bu simvolik və nəcib təşəbbüs çox yerinə düşür və onun təşkilatçılarına uğurlar arzulayıram".

Aksiyada 150 nəfər iştirak edib. Bildirilib ki, analoji qanvermə aksiyaları bundan sonra da keçiriləcək.

AZƏRTAC