Azərbaycanın nüfuzunu artıran mühüm hadisə
Elm

Azərbaycanın nüfuzunu artıran mühüm hadisə

2018-ci il sentyabrın 26-da "Azerspace-2" orbitə çıxarılıb

Azərbaycanda kainat və kosmik fəzanı öyrənən elmlərin tərəqqisində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Elə milli kosmik sənayenin yaranması da Heydər Əliyevin Sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu öndərin həyata keçirdiyi uğurlu siyasət ölkəmizdə bu sahənin inkişafına geniş imkan yaradıb. 1973-cü ilin oktyabrında ilk dəfə Bakıda kosmos elminin görkəmli simalarının iştirakı ilə 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilib. "Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz" devizi altında keçirilən konqres Azərbaycanda kosmonavtika tarixinin təməlini qoyub. Çox yüksək səviyyədə keçirilmiş beynəlxalq tədbirin uğurla başa çatması münasibətilə Azərbaycan rəhbərliyinə çoxsaylı minnətdarlıq məktubları ünvanlanıb. Elə həmin dövrdən sonra Azərbaycanın kosmik sahədəki fəaliyyət dairəsi SSRİ miqyasında daha da genişləndi.

Azərbaycanın görkəmli kosmonavtları Vitali Jolobov və Musa Manarov Sovet kosmonavtikasının inkişafına böyük töhfələr veriblər. M.Manarov kosmosda 365 gün keçirməklə 1987-1988-ci illərdə insanın orbitdə qalma müddətinin rekordunu qıraraq Ginnesin Rekordlar Kitabına düşüb. Bu məqamda, məşhur "Buran" kosmik gəmisinin yaradılmasında birbaşa iştirak etmiş azərbaycanlı Füzuli Fərəcovun da adını xüsusi qeyd etmək lazımdır. O, Rusiyanın İctimai Elmlər Akademiyasının həqiqi üzvü və "Texno-Svar-TMZ" ASC-nin baş direktorudur. Ənuşə Ənsari ilk qadın kosmik turist və kosmosdakı ilk müsəlman qadındır. O, həmçinin kosmosda uçuş zamanı bloq yazan ilk insan olub. Sovet kosmonavtikasının qurucuları arasında azərbaycanlı Kərim Kərimovun da adı ön sıralardadır. O, "R-2" raketlərinin istehsalında əvəzsiz xidmətlər göstərib. 1957-ci il oktyabrın 4-də bu raketlərdən biri dünyanın ilk süni peykini kosmosa çıxarıb və bu hadisə planetimizdə kosmik eranın başlanğıcını qoyub.

Azərbaycanda aerokosmik sənayenin yaradılması və inkişafı ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra başladı. Ölkəmizdə hazırda kosmik sənayenin inkişafı prioritet sahələrdən biridir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə buraxılmasından 10 il ötür. "Azerspace-1" 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5" daşıyıcı raketi ilə buraxılıb. Bu peyk Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə xidmət göstərir.

2014-cü ilin dekabrında Fransanın "Airbus DS" şirkəti və "Azərkosmos" arasında imzalanmış strateji əməkdaşlığa dair saziş çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan "Azersky" orbitə buraxıldı. Beləliklə, 2015-ci ildən bu yana "Azersky" peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. İşğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Həmçinin ölkəmizə qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da "Azersky" peykinin mühüm rolu vardır.

Sayca üçüncü "Azerspace-2" peyki isə 2018-ci il sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxıldı. Bu həm də Azərbaycanın gücünü, nüfuzunu artıran faktdır. Prezident İlham Əliyevin 3-cü peykimizin orbitə göndərilməsi münasibətilə xalqa ünvanladığı təbrikdə söylədiyi kimi, Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azersky" peykinin xüsusi rolu vardır: "Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq və bir çox ölkələr üçün peyk xidməti göstəririk... Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azerspace-2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək".

Röya RÜSTƏMLİ,

"Respublika".