Tanınmış bioloq alim
Elm

Tanınmış bioloq alim

Tanınmış alim, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Tariyel Talıbovun 75 yaşı tamam olur.

Görkəmli alim 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Siyaqut kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1966-cı ildə Siyaqut kənd onbirillik orta məktəbi bitirmiş, 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) biologiya fakültəsində təhsil almışdır. Təhsilini davam etdirməklə yanaşı, 1966-1970-ci illərdə "Qaradağneft"in 3-cü mədənində çilingər, 1970-1973-cü illərdə isə Qaradağ rayonu 222 nömrəli orta məktəbdə kimya-biologiya müəllimi işləmişdir. 1973-cü ildə universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1974-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (hazırda Naxçıvan Dövlət Universiteti) kimya-biologiya kafedrasında baş laborant kimi fəaliyyətə başlamışdır. Öz üzərində ciddi çalışan, nümunəvi əmək intizamı və etik davranışı ilə seçilən, işinə məsuliyyətlə yanaşan T.Talıbov tez bir zamanda çalışdığı kollektivin dərin hörmət və rəğbətini qazanmaqla bərabər, əmək fəaliyyətində də irəliləyişlərə nail olmuş, 1979-1989-cu illərdə kafedranın müəllimi, baş müəllimi, dosenti vəzifələrinə yüksəlmişdir. Elmi-pedaqoji fəaliyyətində püxtələşmiş və kamilləşmiş Tariyel müəllim 1989-cu ildə Naxçıvan Dövlət Universitetinin botanika kafedrasının müdiri seçilmiş və 2003-cü ilədək kafedraya rəhbərlik etmişdir.

Tariyel Talıbov 1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunda aspirantura təhsili almış, 1986-cı ildə "Naxçıvan MSSR-də ərik genefondunun qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, "genetika" və "seleksiya və toxumçuluq" ixtisasları üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Yorulmaq bilmədən elmin yüksək zirvələrinə doğru inamla irəliləyən Tariyel Talıbov Naxçıvan Muxtar Respublikası biomüxtəlifliyinin tədqiqi, səmərəli istifadəsi və qorunması istiqamətində elmi tədqiqat işlərini davam etdirərək 2003-cü il tarixində "Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə botanika ixtisası üzrə biologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır.

AMEA Naxçıvan bölməsi yaradılarkən T.Talıbov bölmənin Bioresurslar İnstitutunun direktoru vəzifəsinə təyin olunmuş və 2019-cu ilədək bu vəzifədə çalışmışdır. 2019-cu ildən institutun Bitki sistemakası şöbəsində baş elmi işçi vəzifəsində səmərəli fəaliyyət göstərir.

2007-ci ildə botanika ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

1985-2023-ci illər ərzində T.Talıbovun apardığı uğurlu elmi tədqiqat işlərinin nəticələri Naxçıvan Muxtar Respublikasının fauna və florasına aid bir sıra qiymətli kitabların və monoqrafiyaların, o cümlədən fundamental "Qırmızı Kitab"ların yaranması üçün əsas olmuşdur. Alim Naxçıvan MR-in flora və fauna biomüxtəlifliyinə, onların müasir vəziyyətinə, nadir, endemik, relikt, nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərinə, səmərəli istifadəsinə və mühafizəsinə aid 360-a yaxın elmi əsərin, o cümlədən  (23 monoqrafiya, 21 kitab, 9 metodik vəsait, 3 xəritə, 2 patent və 2 proqram olmaqla elmi və elmi-kütləvi əsərlərin, məqalələrin, onlarla tövsiyə və təkliflərin müəllifidir. Alimin, həmçinin "Naxçıvan Muxtar Respublikasının bitkiliyi (Bitkiliyin tipoloji vahidləri)", "Naxçıvan  Muxtar Respublikası florasının nadir bitkiləri", "Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi (nadir heyvanlar)" xəritələri də nəşr edilmişdir.

T.Talıbov AMEA Botanika İnstitutunda 2013-2014-cü illərdə fəaliyyət göstərən D.01.061 Dissertasiya Şurasının sədr müavini, 2016-2018-ci illərdə isə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda "Botanika" - 2417.01 və "Fiziki kimya" - 2307.01 ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılmış Dissertasiya Şurasının sədri kimi bütün iclasların təşkilində və aparılmasında iştirak etmişdir. O, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının üzvüdür.

Tariyel Talıbovun 2006-cı ildə Ümumdünya Təbiəti Mühafizə Fondundan (ÜDTMF  - WWF) qazandığı layihə üzrə işlər bu gün də davam etdirilir. Alim 2006-2019-cu illərdə ÜDTMF-in Qafqaz Ekoregionu üzrə Azərbaycan Respublikasından biomüxtəlifliyin mühafizəsi üzrə Ekspert Şurasının üzvü olmuş, elmi əsaslandırmalarla Respublikanın qrant layihələrində  iştirakına köməklik göstərmiş, "Cənubi Qafqazda bəbirlərin mühafizəsi" layihəsinə rəhbərlik etmişdir. 2014-cü ildə Qafqaz Ekoregionunda bəbirin monitorinqinə dair apardığı uğurlu və fundamental tədqiqatlara görə T.Talıbov ÜDTMF tərəfindən xüsusi sertifikat və döş nişanı ilə təltif edilmiş, Şuranın 10-16 mart 2019-cu il tarixlərində Berlin şəhərində keçirilən toplantısında da xüsusi sertifikatla mükafatlandırılmışdır. 

Tariyel müəllim ictimai işlərdə də fərqlənmiş, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı 84 saylı Naxçıvan Ərazi Seçki Komissiyasının sədr müavini, 1999-cu ildə bələdiyyələrə seçkilər üzrə 77 saylı Naxçıvan Şəhər Ərazi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərmiş, Şərur rayonunun 12 saylı Seçki dairəsindən III, IV və V çağırış (2005, 2010 və 2015-ci illər) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş, "Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekoloji məsələlər" daimi komissiyasının sədr müavini olmuşdur. Alim Dünya Azərbaycanlılarının II və III qurultaylarına nümayəndə seçilmiş, 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının iştirakçısı olmuşdur. O, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Tariyel Talıbovun çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyəti bir çox fəxri adlarla, təltif və mükafatlarla qiymətləndirilmişdir. Alim apardığı çoxşaxəli tədqiqatlara və nəşr edilən elmi araşdırma nəticələrinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA Rəyasət Heyətinin, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin fəxri fərmanları, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının III nəşrinin hazırlanmasında mühüm xidmətinə görə  Fəxri fərmanla təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il tarixli Sərəncamı ilə T.Talıbov "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə "Yubiley qızıl medalı" ilə təltif olunmuş, 2015-ci ildə bioresursların tədqiqi ilə bağlı fundamental və tətbiqi elmi əsərlərinə görə ona AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 21 fevral 2019-cu il tarixli Sərəncamı ilə elm sahəsində səmərəli fəaliyyətinə görə alim "Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə" nişanı, Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.

Tariyel müəllim elmi tədqiqatlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində Əczaçılıq və biokimya kafedrasının professoru vəzifəsində pedaqoji fəaliyyətlə də məşğuldur.

Tariyel Talıbov tədqiqatları ilə respublikamızın hüdudlarından kənarda da tanınır və elmi əsərlərinə istinad olunur. Tanınmış alim və pedaqoq 20-dən çox namizədlik dissertasiyasının rəsmi opponenti və rəyçisi olmuşdur.

AR ETN Bioresurslar İnstitutunun Dənli taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayevlə birlikdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr edilmiş, noxudun "Qaraca-85" və  arpanın "Qılçıqlı-85" sortları yaradılaraq, AR Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir. Muxtar respublikada dənli taxıl və paxlalı bitkilər üzrə ilk dəfə olaraq yeni sortun alınmasına nail olunmuş, sortlar üçün 2 patent və 2 sertifikat alınmışdır. Hazırda həmin sortlar AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq olunur.

Tariyel müəllim böyük elmi və təşkilatçılıq qabiliyyətinə, sadə, təvazökar, xeyirxah və nəcib insani keyfiyyətlərə malik olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır.

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti, akademik.