Azərbaycanın hərbi qüdrəti daha da artır
Digər xəbərlər

Azərbaycanın hərbi qüdrəti daha da artır

Ümummilli lider Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da uğurlu siyasət yeridib. O, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü bir ordu yaratdı və ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı.

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra milli ordunun formalaşmasında əsas baza oldu.

Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcı isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciətindən sonra qoyuldu. Bu müraciət mütəşəkkil ordu yaradılmasının əsaslarını müəyyənləşdirən bir sənəd idi. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan verib.

Əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə, artıq bu gün regionun ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur. Bu gün Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə uyğun addımlar atması ordumuzun yüksək səviyyəyə gəlib çatmasını şərtləndirmişdir. Prezident İlham Əliyevin vaxtilə elan etdiyi "Azərbaycanın hərbi büdcəsi ümumilikdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır" tezisi qısa müddətdə öz təsdiqini tapdı. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin timsalında ən müasir tələblərə cavab verən, mükəmməl döyüş əməliyyatları aparmaq qabiliyyətinə malik bir ordunun nümunəsini görürük. Azərbaycan Prezidenti İlham Əliyev 16 dekabr 2005-ci ildə sərəncam vermişdir və bu sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki birlik və müəssisələr tərəfindən hazırda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, Azərbaycan ordusu həmin məhsullarla təchiz olunur. Regiondakı təhlükəsizlik təhdidləri Azərbaycan Ordusunun daim yeni silah və texnikalarla təchiz edilməsini prioritet olaraq qarşıya qoymuşdur. Prezident İlham Əliyev də öz çıxışlarında bunu dəfələrlə vurğulayaraq, yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik silahların alınmasına önəm verildiyini bildirmişdir. Bu kontekstdə, növbəti yaxın perspektivdə Azərbaycan Ordusunun yüksək dəqiqliyə malik raket-artilleriya vasitələri ilə silahlandırılmasının davam edəcəyi gözlənilir.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı Cənubi Qafqaz regionunda ötən əsrin 90-cı illərindən bəri baş vermiş ən irimiqyaslı əməliyyat hesab olunur. İkinci Qarabağ müharibəsi həm istifadə olunan texnologiyanın müasirliyi, həm də döyüş taktikasının spesifikliyi baxımından bir çox xarici tədqiqatçı və ekspertlərin diqqətini cəlb etmişdir. İkinci Qarabağ müharibəsinin - Azərbaycanın ədalətli müharibəsinin mahiyyəti Ermənistan ordusunun hissələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq, işğalı sonlandırmaq idi. Döyüşlər 10 noyabr Azərbaycan qoşunlarının Qarabağın ən vacib yaşayış məntəqələrindən biri olan Şuşa şəhərini aldıqdan sonra sona çatıb. Azərbaycan Ordusunun texnoloji üstünlüyü və dronlardan müvəffəqiyyətlə istifadəsi qələbənin qazanılmasında əvəzedilməz rol oynayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan ordusu daha da gücləndi.

Qeyd etmək lazımdır ki, bu il iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə döyüş bayrağını təqdim edib. Ölkə başçımızın bu zaman söylədiyi fikirlər Azərbaycanda ordu quruculuğuna göstərilən diqqəti bir daha təsdiqləyir: "Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir".

Röya RÜSTƏMLİ,

"Respublika".