Azərbaycan zəngin və unikal mədəniyyətə sahibdir
Mədəniyyət

Azərbaycan zəngin və unikal mədəniyyətə sahibdir

Mədəniyyəti, mənəviyyatı yüksək olan ölkə ən çətin situasiyalardan çıxa bilmək, öz siyasətini, iqtisadiyyatını, ekologiyasını, demoqrafiyasını qura bilmək potensialına malikdir. Ölkəmizin mədəniyyət siyasətinin ana xəttini xalqımızın milli dəyərlərini qorumaq, təbliğ etmək təşkil edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ideologiya Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Ölkə başçımız bütün çıxışlarında vurğulayaraq deyir ki, Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir.

Azərbaycanın qədim dövlətçilik tarixinə, ənənələrinə malik olduğunu sübut edən bir sıra nümunələr mövcuddur. Ölkəmizdə mütəmadi olaraq tədbirlər, festivallar keçirilir, həmçinin Azərbaycanın mədəniyyət nümunələri xaricdə nümayiş olunur.

Tariximiz, ədəbi nümunələrimiz bizim milli dəyərlərimizdir. Bu mənada 2004-cü ilin yanvarında UNESCO-nun iqamətgahında keçirilən "Dədə Qorqud" dastanının 1500 illiyinə həsr olunmuş möhtəşəm tədbir, Brüsseldə "Dədə Qorqud" abidəsinin açılış mərasimi də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğinə öz töhfələrini verib. Fransa senatının muzeyində 20 Azərbaycan rəssamının 70-dən çox əsəri nümayiş etdirilib, salonlarda milli musiqimiz səsləndirilib. Elə həmin il aprel ayının 8-də Bakıda Türkiyə ilə dostluq, qardaşlıq münasibətlərinin, ədəbi əlaqələrin gücləndirilməsində əvəzsiz rol oynayacaq Atatürk Mərkəzinin açılışı olub. "Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnamənin təsdiq edilməsi haqqında" Prezident İlham Əliyev fərman imzalayıb. Prezident İlham Əliyev ölkə başçısı seçildiyi gündən bu yana Azərbaycanda müxtəlif səviyyəli mədəniyyət tədbirləri keçirilib. Eyni zamanda kitabxana-informasiya (2008-2013), kino (2008-2018) və teatr (2009-2019) sahələri, tarix və mədəniyyət abidələrinin bərpası və qorunması üzrə (2014-2020) Dövlət proqramları icra edilib.

2004-cü ildən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük addımlar atılıb. Ölkə başçımız mədəniyyətimizin xaricdə daha az nümayiş olunması ilə bağlı narahatlığı dilə gətirərək demişdi: "Azərbaycan haqqında reallıqlar, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Ümumiyyətlə, mən xarici mətbuatı mütəmadi qaydada izləyirəm. Azərbaycanı yalnız neft ölkəsi kimi təqdim edirlər, yaxud da ölkə haqqında erməni-azərbaycanlı münaqişəsi ilə bağlı məlumat verilir. Amma Azərbaycanın qədim tarixi var, mədəniyyəti var, mədəni irsi var. Bu gün mətbuat dünyada çox böyük rol oynayır. Biz istərdik ki, Azərbaycan haqqında gedən məlumat reallığa əsaslansın".

Mehriban Əliyevanın fəaliyyəti sayəsində muğam, aşıq sənəti, Novruz bayramı ənənələri, xalçaçılıq, tar ifaçılığı, çovqan oyunu, kəlağayı istehsalı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. 2009-cu il martın 20-dən 25-dək Bakıda Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" Beynəlxalq Festivalı keçirilib. Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Muğam Festivalında Azərbaycanla yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunub.

Bu illər ərzində Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı bərpa olunub. Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi bərpa edilib, Heydər Məscidi tikilib.

Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması mədəniyyətimizin inkişafında xüsusi rol oynayır. Bu günə qədər Nizami Kino Mərkəzi əsaslı təmir edilib, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərinin xatirəsi əbədiləşdirilib.

44 günlük Vətən müharibəsindən sonra doğma torpaqlarımız sürətli inkişaf mərhələsinə qədəm qoyub. Ölkə başçımız 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib. 30 ildən sonra Xarıbülbül festivalı yenidən keçirilməyə başlayıb.

 Bu günə qədər Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağda, xüsusilə də Şuşada bir çox məscidlər, dini evlər təmir edilib, muzeylər, yaradıcılıq mərkəzlərinin açılışı baş tutub. Həmçinin bir sıra küçələrin, Mehmandarovların malikanə kompleksinin, bununla yanaşı, Atatürk, Heydər Əliyev və 8 Noyabr küçələrinin, Milli Xalça Muzeyinin, Otel-Konqres Mərkəzi Kompleksinin, Saatlı və Yuxarı Gövhər Ağa məscidlərinin açılışı olub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı Yaradıcılıq Mərkəzi ilkin vəziyyətinə qaytarılıb. Yubiley münasibətilə mərkəzdə "Heydər Əliyev və Qarabağ" sərgisi keçirilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar, həmçinin Ulu Öndərin Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Azərbaycan Prezident İlham Əliyevin siyasəti nəticəsində ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Ötən 20 ildə dövlət başçımızın məqsədyönlü siyasəti nəticəsində bu sahənin inkişafı daha geniş vüsət alıb. Şübhəsiz ki, çoxşaxəli və sürətli inkişaf mədəniyyət sahəsinin gələcək perspektivlərini də şərtləndirəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".