Azərbaycan vətəndaşlarının haqlı tələbi beynəlxalq hüquq normaları çərçivəsində yerinə yetirilməlidir
Siyasət

Azərbaycan vətəndaşlarının haqlı tələbi beynəlxalq hüquq normaları çərçivəsində yerinə yetirilməlidir

"Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə demişdir.Bəli, Azərbaycan düz 30 il beynəlxalq hüququn işləməməsinin şahidi oldu. 30 il dünya birliyi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə göz yumdu, səsini də çıxarmadı. 1988-ci ildən başlayaraq ərazi bütövlüyümüzü pozan Ermənistanın 1992-ci ildə torpaqlarımızın işğalına istiqamətlənmiş hərbi əməliyyatlarının miqyası daha da genişlənmişdi. Müstəqilliyini yenicə bərpa etmiş, iqtisadi cəhətdən zəif olan Azərbaycanın bu vəziyyətindən istifadə edən bir çox qüvvələr fürsəti fövtə verməyərək Ermənistanın işğalçılıq siyasətinə dəstək oldular. Heç bir beynəlxalq təşkilat mənfur qonşularımızın işğalçılıq əməllərinə obyektiv qiymət vermir, dünya birliyi münaqişənin aradan qaldırılmasına maraq göstərmirdi. Azərbaycan hökumətinin bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciəti də nəticəsiz qalmışdı. Vaxtilə ulu öndər Heydər Əliyevin dəfələrlə Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bəyan etməsi nəticəsində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bu bəyanat və qətnamələrdə hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblər yerinə yetirilməmiş və heç bir beynəlxalq təşkilat da bu məsələ ilə bağlı işğalçı ölkəni qınamamışdır.

2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına heç bir məhəl qoymayan Ermənistana layiq olduğu cavabı verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz təmin edildi, 30 illik işğala son qoyuldu. Azərbaycanın zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən artıq iki il ötür. Hələ də alçaq niyyətindən, bəd əməllərindən əl çəkməyən ermənilər Azərbaycan torpaqlarında vandallıq edir, ölkəmizin təbii sərvətlərini talan edirlər. Bu dəfə ermənilər 2020-ci il 10 noyabr bəyanatına əsasən təmas xəttində erməni silahlılarının çıxarılması ilə paralel olaraq yerləşdirilən rus sülməramlılarının gözü qarşısında beynəlxalq hüququn normalarına zidd əməllər törədir, Azərbaycanın təbii sərvətlərini daşıyır, ekologiyasına ciddi ziyan vururlar.

Qarabağda ermənilərin qeyri-qanuni hərəkətlərinin, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması üçün dövlətimiz tərəfindən sülhməramlı kontingentin komandanlığına müraciət olunsa da, həmişə olduğu kimi, ortada heç bir müsbət nəticə yoxdur. Belə ki, Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilməsi səbəbindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət tərəfindən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış keçirmək, qanunsuz istismarı dayandırmaq, müxtəlif istiqamətlər üzrə monitorinq aparmaq və nəticələri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan nümayəndələri dekabr ayının 10-da ərazidə olmuşlar. Riyakar ermənilər bu dəfə də "düşünülmüş" addım atmış və Azərbaycanın rəsmi nümayəndə heyətini özünü qondarma qurumun "baş naziri" adlandıran rus milyarderi Ruben Vardanyan qarşılamışdır. Lakin Azərbaycan rəsmiləri Vardanyanla heç bir danışıq aparmadan geri dönmüş və Azərbaycan rəsmilərinin "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında monitorinq aparmaq niyyəti baş tutmamışdır.

Əmin-amanlıq, sülh tərəfdarı olmayan, özgə torpaqlarına, onun sərvətlərinə göz dikən Ermənistan hər zaman olduğu kimi, bu dəfə də özünü sudan duru çıxarmağa çalışır. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi dekabr ayının 13-də Şuşa-Laçın yolunda baş verən hadisələrlə bağlı Azərbaycanı ittiham edərək əsassız bəyanat vermiş, guya Azərbaycan tərəfinin yolu bağladığından ərazidə yaşayan erməni sakinlərinin humanitar böhranla üzləşdiklərini bildirmişdir. Lakin ermənilərin yalan, şər, böhtan xarakterli ittihamları əsla həqiqəti əks etdirmir. Əvvəla, ona görə ki, Şuşa-Laçın yolu azərbaycanlı etirazçılar yox, Rusiya sülhməramlıları tərəfindən bağlanıb. İkinci tərəfdən isə regionda sülhü təşviq edən, sülhə, təhlükəsizliyə töhfə verən Azərbaycan üçtərəfli Bəyanatı imzalayarkən üzərinə götürdüyü bütün müddəaları yerinə yetirir. Azərbaycan xalqının isə humanist xalq olduğu hamıya bəllidir. Bu, Şuşa-Laçın yolunda baş verən hadisələrdə də özünü göstərir. Belə ki, Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya vurulan ziyana haqlı narazılıqlarını bildirərək aksiya keçirən fəallar dinc erməni əhalisinə məxsus mülki, o cümlədən təcili yardım maşınlarının keçməsinə, sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduqlarını dəfələrlə təklif etmiş, lakin xəbis ermənilər vəziyyəti daha da gərginləşdirmək məqsədilə bu barədə heç bir müraciət etməmişlər.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 2022-ci il 13 dekabr tarixli bəyanatına dair şərhində deyilir: "…Bununla yanaşı, Azərbaycanı "beynəlxalq hüququ pozmaqda", "etnik təmizləmədə", "soyqırımı siyasətində" ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır".

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva da insan hüquq və azadlıqlarının müdafiəsi, ermənilər tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyini ifadə etmişdir: "Bununla əlaqədar, vətəndaş cəmiyyəti üzvlərinin, ictimai fəalların beynəlxalq və milli qanunvericiliyə müvafiq olaraq dinc şəkildə həyata keçirdiyi aksiyaya Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin maneolma cəhdlərini qəti şəkildə pisləyir, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə və malik olduqları mandata uyğun fəaliyyət göstərməyə dəvət edirəm".

Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqlar, ictimai fəallar və könüllülər ermənilərin Azərbaycanın təbii sərvətlərinin talan etməsinə son qoyulmasını, onların "Qızılbulaq" qızıl yatağına və "Dəmirli" mis-molibden yatağına baş çəkmələrinə imkan yaradılmasını və Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovun aksiya keçirilən yerə gəlməsini tələb edirlər. Etirazçılar onların bu tələbi yerinə yetirilməyincə aksiyanı davam etdirəcəklərini bildirirlər. Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya tərəfinə göndərdiyi etiraz notasında isə Azərbaycan vətəndaşlarının bu səfərinə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb.

Azərbaycan vətəndaşlarının haqlı tələbi beynəlxalq hüquq normaları çərçivəsində yerinə yetirilməlidir. Təbii ki, beynəlxalq hüquq işləyirsə…

Mehparə ƏLİYEVA,

"Respublika".