Azərbaycan sabitlik və təhlükəsizlik adasıdır
Siyasət

Azərbaycan sabitlik və təhlükəsizlik adasıdır

Hazırda dünyada cərəyan edən gərgin siyasi proseslər, konfliktlərin durmadan dərinləşməsi xaos yaradır. Ümumiyyətlə, bir neçə ildir ki, dünyada siyasi, iqtisadi və hərbi böhran müşahidə edilir.

Şərqi Avropada davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqi cənginə alan İsrail-Həmas savaşı və müxtəlif regionlarda baş verən irili-xırdalı toqquşmalar böyük narahatlıq doğurur. Eyni zamanda Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı yeni müstəmləkə siyasəti humanitar fəlakətə gətirib çıxarır. Yer kürəsində baş verən kataklizmlər fonunda isə ölkəmiz sabitlik adasıdır. Sözsüz ki, bu sabitliyin, təhlükəsizliyin əsasında da inkişaf dayanır. Sürətlə inkişaf edən Azərbaycanı bu gün Yaxın və Orta Şərq, habelə Şimali Afrika regionlarında həyata keçirilən çirkin ssenarilərin hədəfinə çevirmək cəhdləri də olur.

Lakin dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə ölkəmizdəki vəziyyət bütünlüklə fərqlidir. Respublikamızın təhlükəsizlik adası kimi fərqlənməsi dövlət başçımız İlham Əliyevin sayəsində mümkün olub. Azərbaycan liderinin daxili və xarici siyasəti sayəsində Azərbaycan heç bir dövlətdən, regional və beynəlxalq güc mərkəzindən, hansısa təşkilat və qurumdan asılı deyil, eyni zamanda öz təhlükəsizliyini təmin edərək yaxın və ya uzaq ölkələrin təsirindən kənar qalır. Öz hesabına təhlükəsizliyini təmin edənlər, yerləşdiyi coğrafi mövqeyə görə təhlükəsiz olanlar və qeyri-sabitlikdən mütəmadi əziyyət çəkən ölkələr üç qrupa bölünür. Ölkəmiz qonşu ölkələrdən və region dövlətlərindən fərqli olaraq birinci qrupda yer alır: "İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq". Bu fikirləri ölkə başçımız Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.

Qarabağ probleminin həll olunması ölkəmizin təhlükəsizliyini daha da artırıb. 44 günlük Zəfər savaşı və antiterror tədbirlərinin bu gün sabitliyin təmin olunmasında həlledici rolu daha böyükdür. Haqlı savaşımızdakı bu qələbəmiz regionun təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir. Çünki Azərbaycan işğalçıdan qisasını aldı. Və bu gün bir daha bütün dünya görür ki, ordumuz peşəkar, rəşadətli və vətənpərvərdir.

Bu gün dünyada baş verən hadisələr Azərbaycanın şimal və cənub qonşularının iştirakı ilə bilavasitə sərhədlərimizdə cərəyan edir. Rəsmi olaraq elan olunmasa da dünyanın faktiki olaraq bölüşdürülməsi Üçüncü Dünya müharibəsinin başlandığına işarədir. 2022-ci ildə Rusiya-Ukrayna, 2023-cü ilin oktyabrında İsrail və HƏMAS arasında başlayan müharibənin bu günə qədər davam etməsi də bunu təsdiq edir. Bütün bunlar üçüncü tərəflərin bu münaqişələri alovlandırma istəyindən irəli gəlir.

Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə Ermənistandan alət kimi istifadə edilir. Qərb bloku Cənubi Qafqazda Ukraynadan sonra Rusiyaya qarşı cəbhə açmaq istəyir və bu planlarını da rəsmi İrəvan üzərindən həyata keçirir. Ermənistanda Aİ missiyası, 5 aprel Brüssel görüşü hayları növbəti revanşa hazırlamaq məqsədi güdür. İstər Rusiya, istər qardaş Türkiyə Brüssel görüşü ilə bağlı ilk gündən mövqelərini ortaya qoyaraq məsələyə etirazlarını bildirdilər. Lakin Aİ və ABŞ-ın Ermənistana qarşı bu mövqeyi rəsmi Tehranın maraqlarına uyğun sayılmasa da İran etiraz edəcək gücü özündə tapmadı.

Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirir və buna qarşı çıxır. Ölkəmiz daim demokratiyanın, sülhün və sabitliyin yanında yer alır. Bunu pozmaq istəyənlərə qarşı da layiqli cavab verir.

Röya RÜSTƏMLİ,

"Respublika".