Azərbaycan Ordusu dünyaya öz gücünü göstərdi
Siyasət

Azərbaycan Ordusu dünyaya öz gücünü göstərdi

Rəşadətli Azərbaycan ordusu Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində qanunsuz erməni hərbi birləşmələrini diz çökdürdü. Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi sayəsində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu.

Beləliklə, Azərbaycan Ordusu təkcə ermənilərə deyil, bütün dünyaya öz gücünü göstərmiş oldu. Bu, Azərbaycanın həm hərbi, həm diplomatik müstəvidə növbəti mühüm qələbəsi kimi tarixə yazıldı. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq istəyənlər, Qarabağda separatizmə dəstək verən bəzi xarici güclər düşünürdülər ki, bölgəyə hesablanmış mənfur planlarını gerçəkləşdirə biləcəklər. Ermənistan hakimiyyəti və onun havadarları, bölgədə yeni müharibə şəraiti yaratmaq üçün ardıcıl siyasi və hərbi təxribatlara əl atsalar da, buna nail ola bilmədilər. Azərbaycan son üç ildə öz qətiyyətli addımları ilə sübut etdi ki, ərazi bütövlüyü və suverenliyinə qəsdə heç cür imkan verməyəcək və onunla güc dili ilə danışmaq mümkün deyil.

 "Antiterror tədbirləri zamanı Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələri heç bir mülki şəxsə ziyan vurmadılar və tapşırığı yüksək səviyyədə yerinə yetirdilər. Nəhayət, 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi". Bu fikri açıqlamasında yazıçı, publisist Fahrettin Masum Budak vurğulayıb. O qeyd edib ki, Ermənistan 3 ilə yaxın müddətdə üçtərəfli Bəyanatın bir neçə müddəasını yerinə yetirməyib: "Bəyanata görə Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin ermənilər indiyə qədər bu razılaşmanı yerinə yetirmədi və onlar davamlı olaraq hərbi təxribatlar törətdilər. 30 illik işğal dövründə Azərbaycan xalqı inandı ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qarabağ torpaqları azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Və nəhayət, o gün gəlib çatdı. Göründüyü kimi, Bakı son bir neçə ay ərzində Azərbaycanın düşmənlərini ardıcıl məğlubiyyətlərə uğratmağı bacardı. Xüsusilə də Azərbaycanın Qarabağda və ətraf bölgələrdə beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini bərpa etməsindən sonra bir çox önəmli məsələlər həll edildi. Bu isə o deməkdir ki, indiyə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında olan əsas əngəl aradan qaldırıldı".

Artıq Rusiya Qarabağın gələcək taleyinin həll olunduğunu və yaxın vaxtlarda sülh sazişinin imzalanacağını ehtimal edir. Ermənistanın əsas himayədarları, xüsusilə də Fransa və Avropa Birliyi isə oyundankənar vəziyyətə düşüblər. Onlar heç bir prosesə müdaxilə edə və İrəvana dəstək verə bilmirlər. İndi Paşinyan hakimiyyəti qorxu içindədir və yenidən sülh danışıqlarına geri dönmək məcburiyyətində qalıb. Çünki Qarabağda keçirilən lokal antiterror tədbirləri Ermənistanı buna məcbur etdi. Bütün bunlar onu göstərir ki, İrəvan yekun sülh sazişini imzalamalı olacaq.

F.M.Budak qeyd edib ki, mənə görə Ermənistanla münasibətlərin tənzimlənməsi və sülhlə nəticələnəcək həll yolu üçün ən vacib məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın doqquzuncu maddəsi ilə təsbit edilib. Bu Avropanı Mərkəzi Asiya ilə əlaqələndirən ən qısa yol olacaq. Bu dəhliz Azərbaycanı Naxçıvana, Türkiyəni Azərbaycana və türk dünyasına quru yolu ilə bir-birinə bağlayacaq. Yəni dəhliz, tarixi, iqtisadi, geopolitik bir əhəmiyyətə malikdir. Dəhlizin açılma ehtimalını çox yüksək görən yazıçı deyib ki, onsuz da Azərbaycan öz üzərinə düşən işlərin 85 faizini tamamlayıb. Zəngəzur dəhlizinin açılmama ehtimalı çox azdır. Laçın yolu açılıbsa, deməli, Zəngəzur dəhlizinin açılması da mütləqdir. Rusiya da bunun baş tutmasını istəyir, çünki dəhlizin fəaliyyətinin reallaşması Rusiyanı Türkiyəyə - Qarsa, Ərzuruma bağlayacaq. Bu, regionda iqtisadi, mədəni və sosial inkişafa da müsbət təsir göstərəcək.

 

Esmira Yazkan

ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.