Azərbaycan-Misir əlaqələri möhkəmlənir
Siyasət

Azərbaycan-Misir əlaqələri möhkəmlənir

1952-ci il iyulun 23-də Misirdə general Əli Məhəmməd Naqib və Camal Əbdül Nasirin rəhbərliyi ilə baş verən inqilab nəticəsində monarxiya devrilib. Bu hadisədən bir il sonra - 1953-cü ildə Misirdə respublika elan edilib. O gündən etibarən hər il 23 iyul Misirdə milli bayram günü kimi qeyd edilir. Misir Azərbaycanın tərəfdaş olduğu ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub və həmin ilin aprel ayında Azərbaycanda Misirin diplomatik səfirliyi fəaliyyətə başlayıb. Ölkəmizin Misirdəki səfirliyi isə 1994-cü ildə açılıb. Bu dövlətimizin Afrika qitəsindəki ilk səfirliyi hesab olunur. İki ölkə arasındakı əlaqələrin inkişafına Qarabağ münaqişəsinin həlli məsələsində Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də öz müsbət təsirini göstərib. Bir çox beynəlxalq qurumlarda, həmçinin İslam Konfransı Təşkilatında da Misir daim ölkəmizə dəstək verib.

İki respublika arasında münasibətlərin şaxələndirilməsində dövlət rəsmilərinin səfərləri də mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri baş tutub. Səfər çərçivəsində Heydər Əliyev Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Görüş zamanı Azərbaycanla Misir arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi kimi bir çox mühüm məsələlər müzakirə edilib.

Ölkəmiz inşaat, əczaçılıq, kənd təsərrüfatı, həmçinin təhsil, mədəniyyət, informasiya texnologiyaları sahəsində də Misirlə əməkdaşlıq qurmaqda maraqlıdır. Əlavə olaraq, azad iqtisadi zonaların yaradılması, yeni elektrik stansiyalarının tikintisi, şəkər istehsalı, əczaçılıq sənayesinin inkişafı ilə bağlı müxtəlif layihələrin icrası da Misir Respublikası ilə  əməkdaşlıq çərçivəsində həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Misir ilə münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün mühüm addımlar atır. Hələ ulu öndərin ölkəmizə rəhbərliyi dövründə - 1997-ci ilin fevral ayında MƏR xarici işlər nazirinin müavini Fəthi Şazlinin rəhbərlik etdiyi Misir nümayəndə heyətinin Bakıda səfərdə olması qarşılıqlı etimadın göstəricisidir. Digər bir vacib məqam, 2002-ci il iyulun 23-də Heydər Əliyevin Misir Ərəb Respublikasının milli bayramı münasibətilə "Avropa" otelində bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda iştirak etməsi idi. Ümummilli lider çıxışında Misir ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində lazımi şəraitin olduğunu vurğulayıb. Həmin il 3 oktyabr tarixində ulu öndər Qahirə şəhərində 7 aprel 1994-cü ildə  imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş"in icrasını təmin etmək üçün Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb.

Azərbaycan və Misir arasındakı əlaqələr hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkə başçımızın 2007-ci il mayın 6-da Misirə rəsmi səfərinin baş tutması bunun təzahürüdür. Səfər zamanı iki ölkə arasında əlaqələrin inkişafı, mövcud beynəlxalq vəziyyət, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi kimi mühüm məsələlər müzakirə edilib. Bundan bir gün sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikası Nazirlər Şurasının binasında Baş nazir Əhməd Nazif ilə təkbətək görüşü keçirilib. Görüş  çərçivəsində Azərbaycan ilə Misir arasında mövcud iqtisadi əməkdaşlığın inkişafı, digər sahələrdəki əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İqtisadi münasibətlərin daha da genişlənməsinə səfər çərçivəsində imzalanan sənədlər də müsbət təsir göstərib. 2008-ci il avqustun 19-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif Əhməd İbrahim əl-Şarkavini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Görüş zamanı Misir-Azərbaycan münasibətlərinin son illər uğurla inkişaf etdiyi vurğulanaraq, bundan sonra əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub. Bu münasibətlər növbəti səfərlər çərçivəsində daha da genişlənib. Bu il yanvarın 28-də isə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü baş tutub. Görüş zamanı dövlət başçımızın söylədiyi fikirlər Azərbaycan-Misir əlaqələrinin yüksək səviyyədə inkişafını bir daha təsdiqləyir: "Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik".

Qeyd edək ki, Prezident Əbdülfəttah Əs-Sisi Misirlə diplomatik əlaqələr qurulandan bəri Azərbaycana gələn ilk Misir Prezidentidir.

Nəzrin ELDARQIZI,

"Respublika".