Azərbaycan humanitar yüklərin öz ərazisindən keçməsini tələb etməklə bölgədə sabitliyin, təhlükəsizliyin bərqərar olmasına çalışır
Siyasət

Azərbaycan humanitar yüklərin öz ərazisindən keçməsini tələb etməklə bölgədə sabitliyin, təhlükəsizliyin bərqərar olmasına çalışır

44 günlük müharibədən sonra imzalanan 10 noyabr üçtərəfli Bəyanata əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarət məqsədilə təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlıları 5 il müddətinə əraziyə yerləşdirilməli idi. Rusiya hərbi kontingenti əraziyə yerləşdirilsə də, erməni yaraqlıları nəinki çıxarılmadı, hətta burada daha da möhkəmlənərək təxribatlar törətməyə davam etdilər. Onların bu əməllərini həyata keçirmələrinə isə Qarabağ bölgəsində sabitliyi, təhlükəsizliyi təmin etməli olan "sülhməramlılar" geniş imkan yaratdılar. Rus sülhməramlılarının gözü qarşısında Ermənistandan Qarabağa silah-sursat, minalar, o cümlədən hərbi qüvvələr daşınır, Laçın-Xankəndi yolundan ermənilər hərbi məqsədlər üçün istifadə edirdilər. Düşmənin bu hərəkətləri beynəlxalq hüquq normalarına sığmasa da, buna heç bir qurum, heç bir təşkilat tərəfindən etiraz olunmadı. Rus sülhməramlıları tərəfindən isə sülhün bərqərar olması istiqamətində heç bir addım atılmadı, əksinə məqam düşdükcə ermənilərin qanunsuz fəaliyyətlərinə dəstək verdilər.

Bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya olunmaması, sərhəd boyunca yerləşən ərazilərdə atəşkəsin dəfələrlə pozulması, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini atəşə tutması rus hərbçilərinin öz vəzifələrini ya icra edə bilmədiklərinin, ya da etmək istəmədiklərinin nəticəsidir. Münaqişə zonasında sabitlik yaratmaq, hər iki tərəfdən üçtərəfli Bəyanatın müddəalarına əməl edilməsinə nəzarət etmək, yerləşdikləri məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq əvəzinə, təxribatçılara meydan verən sülhməramlılar bölgədə sülhü qorumağa deyil, münaqişəni alovlandırmağa şərait yaradırlar.

Azərbaycan dövləti aprelin 23-də ölkəmizin suveren ərazilərində - Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratdı ki, bu da Laçın yolunda hərəkəti məhdudlaşdırmaq deyil, təxribatlara son qoymaq üçün atılan əhəmiyyətli addım oldu. Lakin Ermənistan, Fransa və digər ermənipərəst qüvvələr münaqişələr yaradaraq nəzarət-buraxılış məntəqəsinin bağlanmasına çalışdılar, hətta Ermənistan bu il mayın 12-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Laçın-Xankəndi yolunda dövlət sərhəd-nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb etdi. Lakin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu tələbini əsassız hesab edib rədd etdi.

Laçın yolunun başlanğıcında keçid məntəqəsinin yaradılması Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməyə imkanı verir. Erməni avtomobillərinin nəzarət-buraxılış məntəqələrində yoxlanılması isə nəinki sərhəddə, bütün regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir. İki ölkə arasında sərhəddə vəziyyətin sabitliyi üçün yaradılan sərhəd-nəzarət-buraxılış məntəqəsində yüklərin yoxlanılması ilə yanaşı, pasport nəzarəti də həyata keçirilir ki, bu da ümumilikdə regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə sözsüz ki, erməni havadarlarına sərf etmir. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması və Laçın dəhlizinin "blokadası" hallarından narahatlığını bildirmiş və hər iki tərəfi bütün məsələləri diplomatik yollarla həll etməyə çağırmışdır. Rusiya XİN mətbuat xidməti rəhbərinin Laçın-Xankəndi yolunun "blokada"da olması ilə bağlı açıqlamasına Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov münasibət bildirərək demişdir: "Təbii ki, bu çağırışları eşitmək lazımdır. Təhlil etmək vacibdir. Biz də bunu edirik, adekvat reaksiyalar veririk. Hesab edirəm ki, zaman onu göstərdi ki, məsələlərin düzgün istiqamətdə inkişafı və həll edilməsi üçün Azərbaycan tərəfi özü sistemli tədbirlərini görməlidir və görür. Azərbaycan dövlətinin özünün beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün konkret baxışı var. Biz kimlərinsə çağırışı və baxışına görə yox, öz milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək".

İkinci Qarabağ müharibəsinin bitdiyi gündən etibarən Azərbaycan sülhün, əmin-amanlığın bərqərar olmasına ciddi səy göstərir. Xalqların dinc, qonşuluq şəraitində yaşaması naminə düşmən ölkə ilə münasibətləri normallaşdırmaq istəyir. Lakin bəzi ölkələr buna hər vəchlə mane olur. Məsələn, Azərbaycan bölgədə təhlükəsizliyin təmin olunması üçün Rusiyanın Xankəndiyə göndərdiyi humanitar yardımın ölkəmizin ərazisindən keçməsini tələb edir. Belə ki, 2020-ci il noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunmuşdur. Həmin il dekabr ayının 6-da da Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndiyə göndərilən humanitar yük Gəncə Beynəlxalq Hava Limanına çatdırılmış, oradan isə Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola salınmışdır. Ölkə başçımız Rusiya kontingentinin Azərbaycan marşrutunu qəbul etməli olduğunu, humanitar yardımların Dağıstan, Bərdə, Ağdam vasitəsilə Xankəndiyə çatdırılmasının vacibliyini bildirir. Lakin qarşı tərəf Rusiya sülhməramlılarının şəxsi heyətinin, onların təchizatının, hərbi texnikanın, o cümlədən Qarabağda yaşayan ermənilərə göndərilən humanitar yardımların Ermənistandan keçməsini israr edir. Əlbəttə ki, bunu şərh etməyə ehtiyac yoxdur. Azərbaycan humanitar yüklərin öz ərazisindən keçməsini tələb etməklə prosesə nəzarət etməyə və bununla da bölgədə sabitliyi, təhlükəsizliyi təmin etməyə çalışır. Ermənistan isə...

 Mehparə ƏLİYEVA,

 "Respublika".