Qədim sivilizasiya məkanı Çin Azərbaycanla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir
Siyasət

Qədim sivilizasiya məkanı Çin Azərbaycanla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir

Çin minilliklərə qədər uzanan zəngin tarixə və qədim mədəniyyətə malik bir ölkədir. Onun tarixi irsi zənginliyi təcəssüm etdirməklə, dünya sivilizasiyasına böyük, dərin təsir göstərmişdir. Qədim dövrlərdən bəri Çin görkəmli fəlsəfi, elmi və mədəni nailiyyətlərin mərkəzi olmuşdur.

Qədim Çin bəşər tarixinə mühüm töhfələr veribsə, müasir Çin öz nailiyyətləri ilə dünyanı heyrətləndirməkdə davam edir. Si Cinpinin müdrik və qətiyyətli rəhbərliyi sayəsində Çin yeni inkişaf səviyyəsinə yüksəlib.

Son on ildə Çin Respublikasının Sədri Si Cinpinin rəhbərliyi ilə ölkə sürətli iqtisadi və texnoloji inkişaf nümayiş etdirərək özünü dünyanın aparıcı dövlətlərindən biri kimi təsdiq edib. "Bir kəmər, bir yol" (BKBY) və "Güclü Çin 2025" strategiyası kimi son təşəbbüslər ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verib.

Çin elmi və texnoloji tədqiqatlara və inkişafa fəal şəkildə sərmayə yatırır və süni intellekt, kvant texnologiyası və günəş panelləri sahəsində dünya liderinə çevrilib. "Huawei", "Tencent" və "Alibaba" kimi Çin şirkətləri qlobal bazarlarda lider mövqe tuturlar. Yeri gəlmişkən, "Huawei" şirkəti Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində fəal iştirak edir.

Çin xarici əlaqələri fəal şəkildə inkişaf etdirir və digər ölkələrlə diplomatik münasibətləri gücləndirir. "Bir kəmər, bir yol" təşəbbüsü müxtəlif ölkələrlə iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi üçün əsas platformaya çevrilib. Çin Xalq Respublikası əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm addım atıb, ifrat yoxsulluğun aradan qaldırılması problemini uğurla həll edib. Dəstək proqramları, iş yerlərinin yaradılması və kəndlərin inkişafı sosial rifaha kömək edir. ÇXR ŞƏT, BRİKS və bu kimi digər beynəlxalq təşkilatların və təşəbbüslərin fəal iştirakçısıdır. Bu, ölkəyə qlobal problemlərin həlli üçün imkan yaradır və daha dayanıqlı dünya nizamının yaradılmasına töhfə verir.

Ümumilikdə, Çin öz nailiyyətləri sayəsində vətəndaşlarının və qlobal ictimaiyyətin rifahı naminə inkişafa sadiqliyi ilə dünyanı heyrətləndirir. Təsadüfi deyil ki, bu il noyabrın 8-də İnternet məsələləri üzrə Ümumdünya Konfransı çərçivəsində keçirilən Uçjen Sammitində videobağlantı vasitəsilə çıxış edən Çin lideri qlobal çağırışlar qarşısında inkişaf etməkdə olan ölkələrin problemlərinin aradan qaldırılması, təhlükəsizlik dilemmalarının həlli və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Sədr Si Cinpin sosial siyasət və ətraf mühit sahəsində mühüm islahatlar apararaq, Çin xalqı üçün daha yaxşı həyat şəraitinin təmin edilməsinə və ətraf mühitin qorunmasına çalışır. Onun rəhbərliyi ilə Çin beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Qlobal əməkdaşlığın inkişafına töhfə verən "Bir kəmər, bir yol" kimi təşəbbüslər xüsusi yer tutur. Azərbaycan yeni İpək Yolunun mühüm halqası olmaqla bu layihənin uğurla həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Bu baxımdan, Çin Xalq Respublikasının başçısı Si Cinpinin bu ilin oktyabrında keçirilmiş "Bir kəmər, bir yol" Üçüncü Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimindəki proqram xarakterli çıxışı Azərbaycan və bu təşəbbüsü dəstəkləyən digər ölkələr üçün böyük aktuallıq kəsb edir. Həmin nitq Çinin dünyada əməkdaşlıq və rifahı təşviq edən təşəbbüsünün əsas aspektlərini önə çəkdi.

Çıxışın mühüm aspekti həm də yaşıl və davamlı inkişafa diqqət yetirilməsi olub. Çin yaşıl infrastruktur və yaşıl enerji kimi təşəbbüsləri fəal şəkildə dəstəkləyir: "Biz yaşıl infrastruktur, yaşıl enerji və yaşıl nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirməyə hazırıq". Ölkə BKBY-də "yaşıl" investisiyalar prinsiplərinin həyata keçirilməsi çərçivəsində 2030-cu ilə qədər 10 min nəfər üçün nəzərdə tutulmuş tərəfdaş ölkələrdən mütəxəssislərin hazırlanması istiqamətində kurs təşkil etməyə hazırdır.

Beləliklə, Çin dövlət başçısının sonuncu "Bir kəmər, bir yol" Forumunda çıxışı bu ölkənin sülh, açıqlıq, tolerantlıq və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini bir daha önə çəkir. Çin bütün dünya xalqları ilə birgə rifah və inkişaf üçün fəal şəkildə çalışır və dünya miqyasında tərəfdaşlıq əlaqələrini gücləndirməkdə davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin qarşılıqlı hörmət və humanizm əsasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və diplomatik əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirlər. Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsü infrastruktur layihələri ticarət və mədəni mübadilələr vasitəsilə müxtəlif ölkələrlə əlaqələri gücləndirmək məqsədi daşıyır. Prezident İlham Əliyev BKBY təşəbbüsünü ilk dəstəkləyənlərdən olub. Azərbaycan rəhbəri, həmçinin müxtəlif dövlət və regionlarla bütün sahələrdə, xüsusilə yaşıl enerji və nəqliyyat infrastrukturunun inkişafı sahəsində əməkdaşlığı təqdir edir. Təsadüfi deyil ki, ölkəmiz bu gün Cənubi Qafqazda həyata keçirilən bir çox qlobal beynəlxalq layihələrin təşəbbüskarı və aparıcı qüvvəsidir.

Hər iki lider həmçinin sülh, dialoq və digər dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsiplərinə sadiqdir. Prezident İlham Əliyev və Sədr Si Cinpin dünya problemlərinin qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq yolu ilə həllinin vacibliyini qeyd edirlər. Hər iki tərəfdən əməkdaşlıq, sülh və digər ölkələrə qarşı hörmətlə yanaşmaq səylərini görürük ki, bu da iki liderin qarşılıqlı hörmət və etimada əsaslanan daha humanist dünya yaratmaq üçün birgə səylərini əks etdirir.

Müasir Çinin bütün təşəbbüsləri, xüsusən də "Bir kəmər, bir yol" layihəsi dünyada mövcud vəziyyətə müsbət təsir göstərir. BKBY dünya səhnəsinə yeni əməkdaşlıq paradiqmasını gətirib. Bu, təkcə regional layihə deyil, həm də dünyanın 140-dan çox ölkə və regionunu əhatə edən qlobal təşəbbüsdür, Çinin müasir dünyada miqyasını və təsirini nümayiş etdirir. Bundan əlavə, istər infrastruktur layihələrə, istərsə də iqtisadi inkişafa qoyulan investisiyalar on milyardlarla dollar həcmində qiymətləndirilir. Həmin investisiyalar müxtəlif ölkələrdə və regionlarda iqtisadi artımı stimullaşdırır ki, bu da qlobal əhəmiyyət kəsb edir, eləcə də sabitliyə və rifaha töhfə verir.

Ötən ilin sentyabrında Səmərqənddə Azərbaycan və Çin dövlət başçıları arasında baş tutan sonuncu görüşü xatırlatmaq yerinə düşərdi. Bu görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanla bağlı bəyanatlarında yüksək dostluq nümayiş etdirib. O, xüsusilə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının yaradılmasının otuzuncu ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Bu jest Çinin Azərbaycana hörmət və dost münasibətini ifadə etməklə yanaşı, həm də tədbirin əhəmiyyətini vurğulayır. Si Cinpin Azərbaycan ilə Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bildirib. Həmin bəyanat Çinin Azərbaycanla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini əks etdirir və iki ölkə arasında əlaqələrin əhəmiyyətini vurğulayır. Çin lideri humanitar əlaqələrin inkişafının və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Çin Xalq Respublikasının Sədri Sİ Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə dünən, dekabrın 22-si göndərdiyi təbrik məktubunda bu görüşün əhəmiyyətini xüsusilə vurğulayaraq qeyd etmişdir: "Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik."

Bu, Çinin əməkdaşlığın müxtəlif aspektlərində Azərbaycanla sıx və uzunmüddətli əlaqələr qurmaq istəyindən xəbər verir. Məlum olduğu kimi, Azərbaycan həmişə vahid Çinin tərəfdarı olub, Çin Xalq Respublikası isə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bütün bunlar Çinin ölkəmizə dostluq münasibətini və iki ölkə arasında müxtəlif sahələrdə strateji tərəfdaşlığı bundan sonra da inkişaf etdirməyə hazır olduğunu bir daha nümayiş etdirir.

Emin QASIMOV,

"Respublika".