Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb
Region

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov martın 29-da "Gəncə Sukanal"  Törəmə Səhmdar Cəmiyyətinin inzibati binasında Gəncə, Samux, Kəlbəcər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib. göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.