“Azərbaycan dilinin Meğri şivələri
Elm və təhsil

“Azərbaycan dilinin Meğri şivələri" monoqrafiyasının ikinci nəşri çapdan çıxıb

Tədqiqatçı-pedaqoq Əhmədəli Əliyevin "Azərbaycan dilinin Meğri şivələri" monoqrafiyasının təkmilləşdirilmiş ikinci nəşri çapdan çıxıb. Nəşrin redaktoru Bakı Dövlət Universitetinin kafedra müdiri professor Abbas Abbasov, rəyçiləri filologiya elmləri doktorları, professor Elbrus Əzizov və professor İbrahim Bayramovdur.

Giriş, üç fəsil və əlavə hissələrdən ibarət monoqrafiyada ilk dəfə olaraq qədim Zəngəzurun cənubunda yerləşən Meğri ərazisindəki Nüvədi, Aldərə, Vartanizor, Ernəzir, Lehvaz, Maralzəmi, Tuğut kənd şivələri öyrənilib. Müəllif bu şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini zəngin dil materialları əsasında tədqiq etməklə yanaşı, ərazinin bütövlükdə türkmənşəli toponimlərini əhatəli şəkildə oxuculara çatdırıb. Bunlar dilimizin tarixinin tədqiqi, qədim türk ərazilərinin öyrənilməsi baxımından çox qiymətli materiallardır.

Monoqrafiyanın birinci fəslində Meğri rayonu şivələrində nitq prosesində qarşıya çıxan sait səslər və onların variantları, sait səslərin bir-birilə asanlıqla əvəzlənməsi, daha doğrusu, ön sıra saitlərinin arxa sıra saitləri ilə və yaxud arxa sıra saitlərinin ön sıra saitlərilə əvəzlənməsi, dodaqlanmayanların dodaqlananlarla, açıq saitlərin qapalılarla əvəzlənməsi və s. qeyd edilir.

Kitabın ikinci fəsli Azərbaycan dilinin Meğri şivələrinin qrammatikasından bəhs edir. Orada əsas nitq hissələri sadalanır, hər bir izah şivə nümunələri ilə tamamlanır.

Əsərin üçüncü fəsli "Sintaksis" bəhsinə həsr olunub. Orada mürəkkəb söz birləşmələri, o cümlədən təyini söz birləşmələrinin növləri sadalanır. Yarımbaşlıqlarda, ümumiyyətlə, cümlə, mürəkkəb cümlənin növləri haqqında izahlar, omonimlər, sinonimlər, habelə ayamalar, müxtəlif məzmunlu ağız ədəbiyyatı nümunələri barədə də maraqlı misallar diqqətə çatdırılır.

Monoqrafiyanın əlavə hissəsi də xüsusi maraq doğurur. Orada Meğri şivələrində mövcud olan zəngin leksikanı görmək mümkündür. 

Professor Abbas Abbasov müəllif Əhmədəli Əliyevin həyat yolu və elmi yaradıcılığı barədə yazır: Əhmədəli İsmayıl oğlu Əliyev 1922-ci il martın 31-də Zəngəzur mahalının Nüvədi kəndində dünyaya göz açıb. Keşməkeşli ömür sürmüş Əhmədəli Əliyev doğma Nüvədidə və eləcə də ətraf kəndlərdə yaşayan hər bir el ağsaqqalı və ağbirçəyinin, əliqabarlı insanların, ziyalıların dilindən süzülüb gələn maraqlı söz-söhbətləri dinləyir və bütün bunları gələcək tədqiqat işlərinə tətbiq edəcəyi barədə  düşünürdü. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin Meğri şivələri" adlı dissertasiya mövzusunu təsdiq də etdirmişdi. 1988-1991-ci illərdə Qərbi Azərbaycan torpaqları büsbütün boşaldılanda Bakıya gələn Əhmədəli müəllim burada qohum-qardaşın və dost-tanışlarının dəstəyi ilə ev şəraiti qurur, Zəngilanın köçkün məktəblərində müəllimlik edir. Eyni zamanda, tədqiqat işini tamamlayır. İşin müdafiəsi istiqamətində ciddi bürokratik əngəllər meydana çıxdığından Əhmədəli müəllim "Azərbaycan dilinin Meğri şivələri" adlı hazır dissertasiya işinin yalnız monoqrafiya kimi çap etdirir.

Qeyd edək ki, monoqrafiyanın birinci nəşrindən sonra Əhmədəli Əliyevin övladları akademik Fikrət Əliyev və professor İsmayıl Əliyev bu əsəri yenidən nəşr etdirdilər. Onlar bu barədə belə deyirlər: "Azərbaycan dilinin Meğri şivələri" monoqrafiyası elmi ad almaq üçün deyil, ulu tariximizi yaşatmaq üçün yazılmışdır... Atamız Əhmədəli müəllim monoqrafiyanın ilk nəşrini Ulu Öndər Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr etmişdir. Monoqrafiyanın təkmilləşdirilmiş ikinci nəşrini də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edirik".

“Respublika”.