ŞƏHİDİN AİLƏSİNDƏ TƏLƏBƏ SEVİNCİ
Elm və təhsil

ŞƏHİDİN AİLƏSİNDƏ TƏLƏBƏ SEVİNCİ

Polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu tələbə adını qazandı

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış peşəkar hərbçi Nail Orucov Astara rayonunun Məsçidməhəllə kəndində dünyaya göz açıb. C.Naxçıvanski adına hərbi liseyi və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 1999-cu ildə "N" saylı hərbi hissədə motoatıcı bölmənin taqım komandiri vəzifəsində xidmətə başlayıb. Sonralar ayrı-ayrı hərbi hissələrdə bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində işləyib, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Təqaüddə olmasına baxmayaraq könüllü Vətən müharibəsinə yollanıb. Cəbrayıl, Hadrut, Füzuli, Qubadlı rayonlarının azad edilməsində şücaət, qəhrəmanlıq göstərib. Ömrünün 42-ci payızında Qubadlının Qanlı Təpə adlı ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Polkovnik-leytenant Nail Orucov nümunəvi hərbi xidmətlərinə görə Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi ilə əlaqədar yubiley medallarına, "Qüsursuz xidmətə görə" I, II və III dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli və "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medallarına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

 Nailin Ruslan, Əlihəsən və İbrahim adlı üç övladı yadigar qalıb. Ömür-gün yoldaşı, qayğıkeş ana Nigar xanım Nailin ciyərparalarını göz bəbəyi kimi qoruyur, müstəqil həyata hazırlayır. Nigar xanım söhbət zamanı dedi:

- Mən əslən Astara rayonunun Pensər kəndindənəm. Ailəmiz Rusiya Federasiyasının Volqoqrad şəhərində yaşayıb. Orta məktəbi, pedaqoji kolleci orada bitirdim. Sonra Volqoqrad Dövlət Universitetinə qəbul olundum. 2002-ci ildə Naillə ailə qurandan sonra təhsilimi yarımçıq qoyub Vətənə qayıtdıq.

Hərbçi yoldaşı olmaq o qədər asan deyil. Nailin hərbi xidməti ilə bağlı bir müddət Gədəbəy, Mingəçevir, Sumqayıt, Ağdam və Füzuli rayonlarında yaşadıq. Nail torpağı, Vətəni canından artıq sevirdi. Əsl vətənpərvər, işinə bağlı peşəkar zabit idi. Övladlarını savadlı, yüksək hazırlıqlı hərbçi kimi görmək istəyirdi. Müharibəyə yola düşəndə uşaqları mənə tapşırıb məsləhətlərini, tövsiyələrini söylədi: "Sənə çox güvənirəm. Uşaqlardan muğayat ol. Mən olmasam da uşaqları oxudarsan. Diplomlarını alanda məzarımın üstünə gələrsiniz".

Nail böyük oğlu Ruslanı hərbi həkim kimi görmək arzusunda idi. Ruslan atasının arzusuna əməl edərək keçən il Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olundu. İndi ikinci kursda oxuyur. Mən Astara şəhərindəki 4 nömrəli uşaq bağçası-körpələr evində tərbiyəçi müəllim işləyirəm. Builki qəbul imtahanlarında özümü sınamağı qərara aldım. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olundum. Oğlum Əlihəsən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi adını qazandı. Ailəmizin sonbeşiyi İbrahim Dünya Məktəbində təhsil almaq üçün imtahanlardan uğurla çıxdı. İndi ailəmizdə 3 tələbə var. Mənim və övladlarının ali təhsil alması Nailin ən böyük arzusu idi. Məqsədimiz onun yarımçıq qalmış arzularını yaşatmaq, yüksəkixtisaslı, layiqli kadr kimi doğma, müstəqil Azərbaycana xidmət etməkdir,-deyə Nigar xanım bildirdi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".