Azad edilmiş torpaqlarımızda minatəmizləmə işləri sürətlə aparılır
Region

Azad edilmiş torpaqlarımızda minatəmizləmə işləri sürətlə aparılır

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri geniş vüsət alıb. 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən Azərbaycan ermənilərin yer üzündən sildiyi, viran qoyduğu şəhər və kəndlərimizdə sürətli yenidənqurma işləri aparır. Heç bir ölkədən maddi yardım istəməyən dövlətimiz öz daxili potensialı hesabına düşməndən azad etdiyi tarixi torpaqlarına yeni həyat bəxş edir.

Şəhər, kənd və qəsəbələrimiz ən son texnologiyalar əsasında müasirliklə tarixiliyin vəhdətində yaradılır. Güclü iqtisadiyyata malik olan Azərbaycan 30 illik işğala son qoymaqla gücünü, qüdrətini bütün dünyaya göstərmişdisə, müharibə bitdikdən sonra işğaldan azad olunmuş əraziləri qurub yaratmaqla bunu bir daha sübut etdi. Ölkəmizin iqtisadi gücü, xalqımızın əzmi, iradəsi dostu sevindirir, düşməni zəlil edir.

Düşmənin vaxtilə işğal etdiyi ərazilərdə bir milyondan artıq mina basdırması, bu ərazilərin mina və partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan təmizlənməsi yenidənqurma işlərinə böyük çətinliklər yaratsa da, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ermənistanın kütləvi şəkildə minaladığı ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr Böyük Qayıdışın mümkün olduğu qədər daha tez reallaşmasına xidmət edir. Minatəmizləmə əməliyyatlarını ANAMA ilə yanaşı, həm də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və bir neçə yerli şirkətlər də icra edir.

"Böyük Qayıdış" proqramına uyğun olaraq avtomobil və dəmir yolları, eləcə də elektrik xətləri çəkilməmişdən əvvəl, su kanalları, kənd təsərrüfatı əraziləri, ekoloji ərazilər yaradılmamışdan öncə, hər hansı bir tikinti işlərinə başlanmamış minatəmizləmə əməliyyatları həyata keçirilir. ANAMA-nın rəsmi məlumatında bildirilir ki, İkinci Qarabağ müharibəsi bitdiyi dövrdən bu ilin iyul ayınadək Agentlik tərəfindən 42 min hektara yaxın ərazi təmizlənmiş və təmizləmə əməliyyatları nəticəsində 51 min ədəddən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilmişdir. Həmçinin Füzuli-Ağbənd və Bərdə-Ağdam dəmir yolları, Zəfər yolu, Füzuli-Ağbənd, Bərdə-Ağdam, Füzuli-Şuşa, Qubadlı-Eyvazlı, Çaylı-Suqovuşan avtomobil yolları, Füzuli və Zəngilan Beynəlxalq hava limanları, Zabuxçay su anbarı boru xətti, Füzuli-Şuşa, Xındırıstan-Ağdam, Zəngilan-Qubadlı elektrik xətlərinin, Şahbulaq layihəsi kimi irimiqyaslı layihələrin mina və partlayıcı vasitələrdən təmizlənməsinin başa çatdırıldığı qeyd olunur.

Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları və Minatəmizləmə Agentliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində beynəlxalq təcrübədən də yararlanırlar. Bu sahədə əsasən Türkiyə ilə əməkdaşlıq həyata keçirilir. Belə ki, qardaş ölkə həm azərbaycanlı mütəxəssislərdən ibarət peşəkar heyətlərin hazırlanmasında, həm də özünün mina təmizləmə qruplarını, avadanlıqlarını işğaldan azad edilmiş ərazilərimizə göndərilməsində yaxından iştirak edir. İsrail və Pakistan da bu istiqamətdə fəallıq göstərirlər. İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesinə dəstək verən Böyük Britaniya İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və ətraf ərazilərin minalardan təmizlənməsinə yönələn proqramlara dəstək göstərmiş, həmçinin mina təhlükəsi barədə məlumatlandırma aparılması üçün UNICEF və ANAMA-ya maliyyə yardımı ayırmış və bu maliyyə dəstəyi ilə minalanmış ərazilərdə yolboyu mina təhlükəsini göstərən müxtəlif nişanlar qoyulmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edərək xarici ölkələrdən olan media nümayəndələrinin suallarını cavablandırmışdır. Yaxın Şərq Xəbər Agentliyindən Məcid Şalkinin "Cənab Prezident, minalar insanların gündəlik həyatına necə təsir edir? Bu, həm də inkişaf layihələrinə necə mane olur? Bunun öhdəsindən necə gəlirsiniz? Çünki minatəmizləmə çox bahalı prosesdir" sualına cavab olaraq İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minalar səbəbindən 300-dən artıq insanın həlak olduğunu və yaralandığını bildirən ölkə başçısı deyib: "Minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar, ən yüksək səviyyədə Ermənistan Baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi… Yəni onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır".

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra bu günə qədər mina qurbanı olmuş, vətəndaşlarımızın 57-si həyatını itirmiş, 247 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Ümumilikdə, Ermənistanın ərazilərimizi 30 illik işğalı dövründə 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkmiş, 587 nəfər həlak olmuşdur. Müharibədən sonra da ermənilər alçaq niyyətlərindən əl çəkməmiş, məskunlaşdıqları Laçın rayonundan istifadə edərək ərazilərimizə minalar basdırmışlar. İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-dən çox piyada əleyhinə mina aşkarlanmışdı.

Bütün bunlara baxmayaraq, 44 günlük Vətən müharibəsini qələbə ilə başa vuran Azərbaycan Prezidenti düşməndən geri aldığı ərazilərə Böyük Qayıdışı mümkün olduğu qədər tez, təhlükəsiz şəkildə həyata keçirmək üçün dövlətin bütün potensialından istifadə edir. Görülən işlərin nəticəsi isə göz qabağındadır. Belə ki, 2021-ci ildə ANAMA tərəfindən Ağalı kəndinin min hektardan artıq kənd və kənd ətrafı əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizləndikdən sonra məcburi köçkünlərimiz ilk olaraq Ağalıya qayıtdılar. Növbəti qayıdış Tərtər rayonunun Talış kəndinə, daha sonra Laçın rayonuna oldu və proses davamlı olaraq həyata keçirilir. Bu məqsədlə, mina təhlükəsi ilə mübarizə proqramının inkişafı və səmərəli işləməsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda, ANAMA-nın BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD), BMT Uşaq Fondu (UNİCEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və başqa beynəlxalq qurumlarla əməkdaşlığını davam etdirməsi də görülən işlərin keyfiyyətinə müsbət təsirini göstərir.

İkinci Qarabağ müharibəsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, ermənilərin terroru davam edir. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Bu il mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı bu məsələyə toxunan Azərbaycan Prezidenti İlham Əliyev QH-yə üzv ölkələrin əksəriyyətinin minalarla çirklənmiş ölkələr sırasında olduğunu qeyd edərək, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmişdir. Eyni zamanda, Azərbaycanın hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirdiyini bildirən ölkə başçımız demişdir: "Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik".

İşğaldan azad olunmuş əraziləri müasir, inkişaf etmiş bölgəyə çevirmək, öz yurd yerlərinə qayıdacaq keçmiş məcburi köçkünləri rahat, təhlükəsiz həyat şəraiti ilə təmin etmək ölkə başçımızın həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə genişmiqyaslı işlərin görülməsi, islahatların aparılması bunu bir daha təsdiq edir. Azərbaycan 30 il işğal altında olan torpaqlarının geri alınmasında göstərdiyi əzmi indi Böyük Qayıdışın tez bir zamanda reallaşdırılmasında nümayiş etdirir.

Mehparə ƏLİYEVA,

"Respublika".