Ayrılığın, həsrətin yaşı çox olsa da...
Digər xəbərlər

Ayrılığın, həsrətin yaşı çox olsa da...

Son iki yüz ildən artıq bir dövrdə azərbaycanlılara qarşı erməni soyqırımı, deportasiyası, torpaq işğalı bir neçə dəfə baş verib. Tarixin bu qanlı-qadalı səhifələri dinc azərbaycanlıların qanı ilə yazılıb desək, heç də yanılmarıq. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız ermənilərin fitnəsi ilə, xəyanət və satqınlığı ilə öz dədə-baba yurd yerlərindən dəfələrlə deportasiyaya məruz qalıblar, onlar qaçqınlıq, yurd itkisi, mənəvi ağrılar yaşayıblar. Torpaqlarımıza köçürülən ermənilər əllərinə fürsət düşən kimi həmişə bıçağı kürəyimizdən vurublar, xalqımıza qarşı düşmənçilik toxumu səpiblər, ağzı əmzikli körpəsinin qulağına pıçıldayıblar ki, türk sənin düşmənindir. Xəyanət, satqınlıq, haqsızlıq, həyasızlıq erməni xislətinin əsl nüvəsini təşkil edir.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər havadarlarının əli ilə 1920-ci ildə Zəngəzuru, Göyçəni, Dərələyəzi və Qaraqoyunlu mahallarını tarixi torpaqlarımızda yaradılan Ermənistanın ərazilərinə daxil etdilər. Bundan bir qədər sonra, daha doğrusu, 9 sentyabr 1930-cu ildə "Ermənistan SSR ərazisinin yeni ərazi-inzibati bölgüsü"nə başlayaraq bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilən bu prosesdə azərbaycanlı kəndləri bir-birindən ayrı salınır, onların sıx və çox yaşadıqları ərazilər bir neçə erməni rayonu arasında bölünüb. Düşmənçilik mövqeyi ilə bu işləri başa çatdırdıqdan sonra ermənilər Ermənistan adlandırılan tarixi torpaqlarımızdakı türk mənşəli yer-yurd adlarını kütləvi şəkildə dəyişib və erməniləşdiriblər.

Tarixi haqsızlığa, ədalətsizliyə ulu öndər Heydər Əliyevin imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi torpaqlardan kütləvi surətdə deportasiyası" haqqındakı Fərman ermənilərin törətdikləri cinayətlərə hüquqi-siyasi qiymət verilməsində mühüm rol oynadı. Ümummilli lider qeyd edirdi ki, bizim əsas vəzifəmiz işğal olunmuş bütün torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikamızın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdan ibarətdir. Ömür vəfa etsəydi, şübhəsiz ki, ulu öndər bu tarixi missiyanı yerinə yetirəcəkdi. 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun bölmələri Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi və müqəddəs ata vəsiyyəti yerinə yetirildi. İşğalçı Ermənistan məğlub edildi, işğalçılar torpaqlarımızdan qovuldu, tarixi ədalət bərpa edildi. Halbuki bu işğal və ədalətsizlik insan hüquqlarından çox danışan dövlətlərin gözləri qarşısında baş verirdi, təcavüzkar, işğalçı Ermənistana dur deyən yox idi, əksinə, işğalçıların başını tumarlayır, onlara silah-sursat verirdilər. Erməni işğalına, torpaqlarımızın əsarətdən azad edilməsinə həm siyasi arenalarda, döyüş meydanında, həm də informasiya cəbhəsində cənab İlham Əliyev fədakarlıqla son qoydu və azərbaycanlıların pozulan hüquqlarını bərpa etdi.

Deportasiya, qaçqınlıq, məcburi köçkünlük... Bu qanı kəsilməyən faciələr ermənilər tərəfindən xalqımızın taleyinə zor gücünə, hiylə ilə yazılıb. Qərbi Azərbaycan torpaqlarında yerlərini möhkəmləndirən ermənilər hər vasitə ilə azərbaycanlılara qarşı təxribat törədir, tarixi yer adlarını dəyişir, fiziki və mənəvi cinayətlərə ara vermirdilər. Qeyd edək ki, tarixi mənbələrdə bildirilir ki, Qərbi Azərbaycanda 300-dən çox şəhər və kəndlərdə azərbaycanlılar yaşayıblar. Mənəvi və fiziki terrora məruz qalan azərbaycanlılar 1948-ci ildən başlayaraq Ermənistandan zorla çıxarılıb, qovulub, bir çoxları öldürülüb, onlara işgəncələr verilib.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə xalqımıza qarşı törədilən deportasiya, erməni cinayətləri haqqında bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır.

Tarixə qısa bir nəzər salaq. Keçmiş Sovetlər Birliyinin Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları əsasında bir neçə il ərzində 150 min nəfərdən çox azərbaycanlı Ermənistan adlandırılan dədə-baba torpaqlarından könüllülük adı altında kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu haqsız qərarların icrasında ermənilərlə yanaşı, həmin dövrdəki avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilib, minlərlə insan, o cümlədən qocalar və uşaqlar ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi zərbələrə dözməyərək məhv olublar. 1948-1953-cü illərdə Ermənistan ərazisindəki doğma torpaqlarından deportasiyaya məruz qalan soydaşlarımız Azərbaycanın ən isti rayonlarında məskunlaşdırılıblar. Təbii ki, dağ havasında böyüyən və yaşayan insanlar bu istilərə dözə bilmir, xəstələnir və dünyalarını dəyişirdilər. Deportasiyaya və erməni hiylələrinə ürcah olan soydaşlarımızın bəziləri ilə görüşüb söhbət etdik, onların ürək sızladan xatirələrini dinlədim, həmin insanlardan bəziləri rəhmətə getsə də danışdıqlarını qələmə ala bildim, bəziləri isə yaşayır.

Dərələyəzin Çivə kəndindən deportasiya olunanda Cabbar Cəlalov uşaq olsa da hadisələri dəqiqliklə, həm də göz yaşları içərisində xatırlayır. Danışır ki, bizi öz yurdumuzdan könüllü adı altında köçürtdülər. Biz köçən kimi kəndimizə, evlərimizə Suriyadan, Livandan gətirilən erməniləri yerləşdirdilər. Onlar da bəzən ev əşyalarımızı götürməyə imkan vermir, bizə hədə-qorxu gəlirdilər. Yaxşı yadımdadır ki, bizi yük vaqonlarında Ələt stansiyasına, sonra isə Yevlaxa gətirdilər, yolboyu ağır şəraitə dözməyən xəstə insanlar, uşaqlar ölürdülər. Yevlaxda hər kəndə 15-20 ailə olmaqla paylanıldıqdan sonra bizi Bərdə rayonundakı İmirli kəndinə gətirdilər. Həmin kənd sovet hökumətinin qaçaqlara qarşı mübarizəsi vaxtı dağıdılmış və əhalisi didərgin salınmışdı. Yerdən qazma düzəldib ilyarım orada yaşadıq, çətinliklərimiz çox oldu, aclıq və qıtlıq başımızın üzərində qılınc kimi asılmışdı. Havasına və suyuna alışdıqdan sonra ev tikdik. Ancaq hamımız düşünürdük ki, üzləşdiyimiz bu haqsızlığa bir gün son qoyulacaq, doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. Çox təəssüf ki, bu köçün ömrü çox uzandı, yaşlı insanlar Dərələyəz deyə-deyə bu dünyadan köçdülər.

Dərələyəzin Sallı kəndindən deportasiya edilən Əli Eyvazov həmin dəhşətli günləri xatırlayaraq deyirdi ki, artıq soyuqlar başlamışdı, belə şaxtalı bir gündə bizi Noraşen stansiyasına gətirdilər və yük vaqonlarına yığaraq Salyan rayonunun Kürqaraqaşlı kəndinə gətirdilər. Çox əziyyət çəkdik, susuzluğa dözə bilmirdik. Həmin kəndin havasına, suyuna uyğunlaşa bilməyən çox adam vəfat etdi. Əmim oğlu Məhəmməd də bu səbəbdən dünyasını dəyişdi. Üç-dörd aydan sonra bizi Bərdə rayonunun İmirli kəndinə köçürdülər. Burada da heç bir şərait yox idi. Yerdən qazma pəyələr düzəldib ağır vəziyyətdə yaşamağa başladıq. Əslində buna yaşamaq demək olmazdı.

Qərbi Azərbaycanın Sallı kəndindən olan Qulam Eyvazov həmin dövrü qüssə, kədər içərisində xatırlayaraq danışırdı ki, hələ köç məsələsi yox idi, mən də 7-ci sinifdə oxuyurdum. Azərbaycandan bizim kəndə nümayəndələr gəldilər və dedilər ki, bizi köçürdəcəklər. Sonra hərbi xidmətdə olanda atamdan məktub aldım, yazırdı ki, onları Salyan rayonuna köçürüblər. Həmin vaxt Dərələyəz mahalından Gülüdüzü, Şişqaya, Qalaseri, Ayısəsi, Sallı, Ağkənd, Hors və digər kəndlərdən yüzlərlə ailə Salyana köçürülüb. Ağır və dözülməz günlər idi, aclıq bizi izləyirdi, yaşlılar bu ayrılığa dözə bilmirdilər, vəfat edirdilər. Haqqımızı tapdaladılar, ermənilərin əli ilə bizi öz yurdlarımızdan didərgin saldılar.

Dərələyəzlilərin yaşlı insanları dünyalarını dəyişiblər. Həmsöhbət olduğum adamların da əksəriyyəti vəfat edib. Ancaq onların göz yaşları içərisində yurd həsrəti ilə alışıb-yandıqlarının şahidi olmuşam, söhbətlərinin ayağı da, başı da Dərələyəzlə bağlı idi, elə hey deyirdilər ki, görəsən o torpaqlara qayıda biləcəklərmi. Yurd həsrəti onların qəlbində ocaq kimi alışıb yanırdı, taqətdən düşsələr də, yurda qayıdacaqlarına son günə qədər inanırdılar. Gözləmək çox dəhşətlidir. Nəsillər dəyişsə də, o həsrət, o ümidlər bitib-tükənmir.

Vaxtilə buraxılan çox ciddi səhvlər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın taleyinə sarsıdıcı zərbələr vurub, onları ömür boyu əzab çəkməyə məhkum edib. Bu barədə danışan dövlətimizin başçısı İlham Əliyev bildirib ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Bu qətiyyətli sözlər Qərbi Azərbaycandan olan soydaşlarımıza çox böyük ümid verib, tanışlarım mənə zəng edərək sevinirlər, öz arzularını, ürək sözlərini bildirirlər. Bərdədə yaşayan, Qərbi Azərbaycanı görməsə də, dədə-baba yurdlarını unutmayan Fəqət Şadlinskaya deyir ki, Prezidentimiz İlham Əliyev verdiyi sözlərin hamısına əməl edir, ona ürəkdən inanırıq, Qarabağı və Şərqi Zəngəzuru azad edən Ali Baş Komandan Qərbi Azərbaycanı da əsarətdən azad edəcək, sülh yolu ilə bizi dədə-baba torpaqlarımıza qaytaracaqdır.

Salman ALIOĞLU,

"Respublika".