Avstraliya çimərliyinə raket qalıqları düşüb
Dünya xəbərləri

Avstraliya çimərliyinə raket qalıqları düşüb

Həftə sonu Avstraliyanın Green Head çimərliyində raket aşkar edilib.

"Respublika" BBC-yə istinadən bildirir ki, ekspertlər bunun keçən cümə günü Hindistanın "Ay missiyası"nın son buraxılışından ola biləcəyini söyləyir.

Təxminən 2,5 m eni və 2,5 ilə 3 m uzunluğunda olan silindrik obyekt Green Head çimərliyinin sakinləri arasında böyük həyəcan yaradıb. İlkin ehtimala görə, dağıntılar 2014-cü ildə göyərtəsində 239 sərnişinin olduğu qərb Avstraliya sahillərində itən MH370 təyyarəsinin bir hissəsi ola bilər. Lakin aviasiya mütəxəssisləri tezliklə aydınlaşdırdılar ki, parça kommersiya təyyarəsindən gələ bilməz və ehtimal ki, bu, hansısa mərhələdə Hind okeanına düşmüş raketin yanacaq çənidir.

Avstraliya Kosmik Agentliyi nəhəng silindrin xarici kosmik raketdən düşə biləcəyini bildirib. Bu, obyektin Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (Isro) kosmosa peyklər çıxarmaq üçün müntəzəm olaraq istifadə etdiyi PSLV-nin yanacaq çəni olması fərziyyələri ilə nəticələnib. 

İsroya rəhbərlik edən Somanath BBC-yə bildirib ki, bu, PSLV və ya hər hansı başqa obyekt ola bilər və biz bunu görüb təhlil etməsək, təsdiqləmək mümkün deyil. O, əlavə edib ki, dağıntılarla bağlı heç bir təhlükə yoxdur. Lakin Avstraliya səlahiyyətliləri, bunu təhlükəli hesab etdiklərini bildirib.  Bəzi ekspertlər onun tərkibində zəhərli maddələr ola biləcəyini də qeyd ediblər.

Töhfə SƏMƏDOVA,

"Respublika".