Avropa Komissiyası Azərbaycanla bağlı hesabatında müsbət irəliləyişi bildirib
Siyasət

Avropa Komissiyası Azərbaycanla bağlı hesabatında müsbət irəliləyişi bildirib

XİN-in mətbuata məlumatında bildirilir ki, Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) tərəfindən 6-cı monitorinq dövrü çərçivəsində Azərbaycan üzrə növbəti hesabat hazırlanıb. Sənəddə 2016-cı ildə tərtib olunmuş hesabatdan ötən müddət ərzində ölkəmizdə müvafiq sahələrdə müsbət irəlilləyişlərin olduğu vurğulanıb.

 Hesabatda ECRI-nin Azərbaycan əhalisinin, o cümlədən çoxsaylı məcburi köçkünlərin uzun müddət davam etmiş münaqişədən və toqquşmalardan əziyyət çəkdiyini anladığı qeyd olunub. İnklüziv təhsil sahəsində insan hüquqları mövzularının 2020-ci ildən etibarən kurrikuluma daxil edildiyi, internet məkanında irqçi nifrət nitqinin qarşısının alınması məqsədilə qanunvericiliyə əməli dəyişikliklər olunduğu qeyd olunub. Rəsmi orqanlar tərəfindən miqrantların hüquqi statusu ilə bağlı aparılan işlər sayəsində 2021-ci ildə qeyri-leqal statusa malik şəxslərin sayında 10 faiz azalma müşahidə olunduğu, miqrantların dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığı, miqrantlara iş və yaşayış icazələrinin verilməsnin sürətləndirildiyi bildirilib. Əmək miqrantlarının Azərbaycan vətəndaşları ilə bərabər sosial müdafiə hüquqlarından istifadəsinin, eləcə də qaçqınların əmək bazarına çıxış əldə etməsinin təmin olunduğu diqqətə çatdırılıb. Sənəddə, həmçinin multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğu vurğulanıb.

ECRI-nin Ermənistan üzrə hazırladığı növbəti hesabatda isə ölkənin siyasi və ictimai həyatında vaxtaşırı olaraq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının baş verdiyi qeyd olunub.

“Respublika”.