ATƏT-də Azərbaycana qarşı mina terroru haqqında hesabat təqdim olunub
Gündəm

ATƏT-də Azərbaycana qarşı mina terroru haqqında hesabat təqdim olunub

Oktyabrın 11-də ATƏT-in ənənəvi "İnsan ölçüsü" üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin ondabir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb. Qırx dörd günlük müharibənin bitməsindən sonra da Azərbaycan ərazilərində Ermənistan tərəfindən yeni minalar basdırıldığını qeyd edən səfir bunu rəsmi İrəvanın sülh ritorikasında riyakarlığının göstəricisi kimi dəyərləndirib. Ermənistanın bu qeyri-qanuni fəaliyyəti nəticəsində təkcə son iki ildə 300-dən çox azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayan E.İsgəndərov yalnız lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda mina terroruna son qoymaq üçün tam şərait yarandığını qeyd edib.

Tədbirdə "Minaların insan haqlarına dağıdıcı təsiri" mövzusunda ilkin tədqiqatın hesabatını təqdim edən İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo Qarabağın minalarla çirkləndirilməsinin humanitar faciə miqyaslı olduğunu bildirərək, bunun nəticəsində Azərbaycanın Avropada mina ilə ən çox çirkləndirilmiş ikinci ölkə olduğunu diqqətə çatdırıb. Hesabatın təhlil hissəsində Ermənistanın apardığı 30 illik mina terroru nəticəsində beynəlxalq ədalətin və humanitar hüququn, həmçinin təməl insan hüquqlarını kobud şəkildə pozduğu bildirilib. 700 mindən çox keçmiş məcburi köçkünün vətənlərinə qayıtmasını əngəlləyən, onların sağlamlıq, iş və təhsil hüquqlarının kütləvi şəkildə pozulduğunu qeyd edən A.Stanqo beynəlxalq insan hüquqları mexanizminin işə salınmasını, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminatın ödənilməsinin təmin olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən ANAMA-nın idarə rəisi Ramil Əzizov işğaldan azad olunduqdan sonra Qarabağda görülən minatəmizləmə işlərindən danışıb, indiyədək 100 min hektar ərazidə piyada əleyhinə 30 minə yaxın, tank əleyhinə 17 mindən çox minanın aşkar edilərək zərərsizləşdirildiyini bildirib, bu irimiqyaslı minatəmizləmə əməliyyatlarının əsasən Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirildiyini deyib.

2018-ci ildə "Minadan azad Cənubi Qafqaz" regional kampaniyasını təsis etmiş, LİNKS Avropa Fondunun icraçı direktoru Denis Sammut çıxışında minatəmizləmə sahəsində regional əməkdaşlığın, qarşılıqlı etimadın yaranması üçün tarixi imkanın formalaşdığını qeyd edib. O, Avropa İttifaqını irimiqyaslı minatəmizləmə işində bölgəyə, xüsusilə Azərbaycana əməli dəstək göstərməyə çağıraraq, bunun beynəlxalq tərəfdaşların regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət göstərəcəyini diqqətə çatdırıb.

Tədbir iştirakçıları daha geniş ekspertlər qrupunun iştirakı ilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində mina qurbanlarının hüquqlarının bərpası istiqamətində beynəlxalq mexanizmin işə salınması üzrə konkret təklifləri ehtiva edəcək məruzənin hazırlanması və BMT-yə təqdim olunması barədə təşəbbüslə çıxış ediblər.