Atatürk yolunun Heydər Əliyev zirvəsi
Siyasət

Atatürk yolunun Heydər Əliyev zirvəsi

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xarici siyasətdə əsas istiqamətlərdən biri də qardaş Türkiyə ilə əlaqələrin müttəfiqlikdən kənara çıxaraq dostluğa və qardaşlığa çevrilməsidir. Keçmiş SSRİ hakimiyyətinin “bir millət, iki dövlət”i ayırmaq cəhdləri iki xalqı zamanla bir-birindən uzaq salmışdı. Azərbaycan müstəqillik qazandıqdan sonra da səriştəsiz rəhbərlər qırılan tellərin bərpası üçün çalışmamışlar. Ancaq ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti yenidən iki qardaş dövləti bir-birinə yaxınlaşdır.

Müstəqilliyimizi ilk tanıyan qardaş ölkə Türkiyə ümummilli lider Heydər Əliyevin dövründən etibarən Azərbaycanla əlaqələri inkişaf etdirməyə başladı. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün: Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdirulu öndər Heydər Əliyevin Bir millət, iki dövlət fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri hər iki dövlətin xarici siyasətlərinin mühüm tərkib hissəsini təşkil edir. 1990-cı illərin əvvəllərində Naxçıvanda Ali Məclisinin Sədri Heydər Əliyev dərin böhrana sürüklənmiş, parçalanma və müstəqilliyin itirilməsinin astanasında olan, iqtisadi-siyasi və mənəvi çöküş mərhələsi keçirən Azərbaycan Respublikasını üzləşdiyi fəlakətdən xilas etmək və Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına önəmli əhəmiyyət verirdi. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri nəticəsində Naxçıvana yol açmaq, əhalini aclıq və soyuqdan qorumaq mümkün oldu. Məhz ulu öndərin dünya şöhrətli dövlət xadimi və nüfuzlu şəxsiyyət olması bu yardımların göstərilməsini mümkün etdi. Heydər Əliyevin Türkiyənin Baş naziri, sonra isə prezidenti Süleyman Dəmirəllə möhkəm dostluğa və qardaşlığa çevrilən xoş münasibətləri sayəsində 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı.

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında və dünya siyasətinə inteqrasiyasında, ölkəmizin siyasi-iqtisadi, elmi-texniki, mədəni-mənəvi maraqlarının formalaşdırılıb reallaşdırılmasında atdığı mühüm addımlar sırasında qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulmasına çox böyük önəm verirdi. Qardaş Türkiyə Azərbaycanla əlaqələrin qorunub saxlanılmasında və daha da inkişaf etdirilməsində olduqca maraqlı idi. Gələcəkdə böyük Türk dünyasını inşa edəcək iki bazis dövlətin yenidən qardaşlıq bağları ilə sıx bağlanması tarixi hadisə idi. Məhz Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı dediklərini əsas götürərək ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət” fəlsəfəsi qardaş ölkə tərəfindən yüksək qiymətləndirilmiş, mayın 5-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Respublikasının “Dövlət nişanı”na, 13 aprel 1999-cu ildə Türkiyənin ən nüfuzlu mükafatı – Atatürk Sülh Mükafatına layiq görülüb.

Müstəqil dövlətçiliyimizi siyasi böhrandan xilas etmək və möhkəm dayaqlar üzərində qurub yaratmaqla yanaşı, ulu öndər azərbaycançılıq ideyasını da dövlətçilik müstəvisinə gətirib onu milli məfkurəyə çevirməyə nail oldu. Lakin ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası heç də ümumtürk mənsubiyyətini inkar etmədi, əksinə türkçülüyün müxtəlif coğrafi və siyasi məkanlarda özünəməxsus müstəvidə yeni mənzərəsini ortaya qoydu. Azərbaycan və Türkiyə arasında qədim zamanlardan bəri mövcud olmuş, ancaq müəyyən səbəblər üzündən yarımçıq qalmış qardaşlıq əlaqələrini bərpa edən ulu öndər Heydər Əliyev “bir millət, iki dövlət” ideyasının müəllifi, ümumilikdə iki qardaş ölkənin birgə maraqlarının əsas təmsilçisi olub.

Tacir SADIQOV,

“Respublika”.