Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan vermir
Siyasət

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan vermir

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi bizə kimin dost, kimin düşmən olduğunu göstərdi. Bu dövrdə ölkəmizə qarşı öz qərəzli mövqeyi ilə seçilən erməni havadarlarından biri də Fransa idi. Makron hakimiyyəti o vaxtdan bəri bölgədə sülhə və sabitliyə əngəl olmağa çalışır.

Maraqlıdır, Fransa hakimiyyəti bununla nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “Respublika”-

ya açıqlamasında bildirib ki, Fransanın Azərbaycana qarşı aqressiyasının bir çox səbəbləri var:

“44 günlük Vətən müharibəsindən sonra Fransa faktiki olaraq Cənubi Qafqazdakı proseslərdən uzaq düşdü. Çünki əvvəllər Fransa keçmiş Minsk qrupu üzərindən regiondakı proseslərə müdaxilə edirdi. Adətən böyük ölkələr, güc mərkəzləri bu münaqişələrdə vasitəçilik etməklə həmin bölgədəki təsir imkanlarını gücləndirirlər. Qarabağ məsələsində də belə olub. Bütün güc mərkəzləri münaqişədən öz siyasətləri üçün istifadə edirdilər”. 

Siyasi şərhçi həmçinin hazırda Azərbaycan və Ermənistan arasındakı danışıqların güc mərkəzləri üçün əsas platformalardan biri olduğunu qeyd edib:

“Rusiya, o cümlədən Qərb, ABŞ və Avropa İttifaqı faktiki olaraq prosesdə iştirak edir. Fransanın prosesdən kənarda qalmasının əsas səbəbkarı isə Makron hakimiyyətinin apardığı siyasət, erməni maraqlarından çıxış etməsidir. Azərbaycan tərəfi isə haqlı olaraq danışıqlar prosesində Fransanın iştirakına imkan vermir”. 

Asif Nərimanlı Makronun Ermənistanın maraqlarından çıxış etməsinin səbəblərini də açıqlayıb:

“Fransadakı erməni diasporu hakimiyyət üzərində güclü təsirlərə malikdir. Fransa hökümətinin erməni icmasına “hesabat” verməsi də bunun təzahürüdür. Digər tərəfdən isə Makron Cənubi Qafqaza yenidən qayıda bilməsi üçün bu prosesdə iştirak etməklə bölgədəki təsir imkanlarını artırmaq məqsədi güdür. Daha dəqiq desək, onlar Ermənistan üzərindən bölgəyə müdaxilə edə biləcəyini düşünürlər. Amma Azərbaycanın mövqeyi bəllidir və ölkəmiz buna imkan verməyəcək. BMT Təhlükəsizlik Şurasındakı son iclas bunu bir daha göstərdi”. 

Siyasi şərhçi, Fransanın Qarabağ məsələsini saxlamaq, oradakı separatçıların mövcudluğunu qorumaq, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək üçün Paşinyana təzyiq etdiyini diqqətə çatdırıb:

“İndiki situasiyada Fransanın əsas seçdiyi siyasi xətlərindən biri budur ki, Azərbaycan və Ermənistan arasındakı danışıq prosesi pozulsun. Daha dəqiq desək, Fransa prosesdə iştirak etmədiyinə görə danışıqlar masasının yenidən qurulmasını istəyir. BMT Təhlükəsizlik Şurasında indiyə qədər Qarabağla bağlı iki dəfə müzakirələr aparılıb. Hər iki iclasın keçirilməsində Ermənistana əsas dəstək verən, faktiki prosesi o yerə gətirən, məsələnin müzakirəyə çıxarılmasına kömək edən ölkə məhz Fransadır. Çünki Cənubi Qafqaz Fransa üçün Qarabağ məsələsindən ibarət deyil. Buradakı nəqliyyat dəhlizləri də onlar üçün önəmlidir”.

Nəzrin ELDARQIZI,
“Respublika”.