“ASANÇILARIN NOVRUZ FESTİVALI”
Region

“ASANÇILARIN NOVRUZ FESTİVALI”

Lənkəran regional “ASAN xidmət” mərkəzinin qarşısındakı meydan Novruz atributları ilə bəzədilmişdir. Üzlərdə sevinc, xoş təbəssüm, bayram ovqatı hiss olunurdu. Respublikamızın 27 “ASAN xidmət” mərkəzinin yerləşdiyi rayonların mədəniyyət işçilərinin hazırladıqları rəsm əsərlərindən, xalq sənətkarlığı, kulinariya və milli mətbəx nümunələrindən ibarət sərgi diqqəti cəlb edirdi.

Lənkəran Şəhər İcra Hakimiyyəti və regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Asançıların Novruz Festivalı”na Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.

Bayram tonqalı yandırıldı. Sonra xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini, milli mətbəxini əks etdirən sərgilərə baxış keçirildi. Subtropiklər diyarının mərkəzində istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarından ibarət stend nümayiş olundu.

Festivalda rayonun mədəniyyət işçilərinin, “Nənələr” folklor qrupunun hazırladıqları rəqslər, folklor nümunələri, respublikamızın tanınmış incəsənət ustalarından Aytən Məmmədova, Aydın Sani, Yaşar Yusub, Xəyalə Qafarzadənin ifa etdikləri şən mahnılar, gənc idmançıların çıxışları alqışlarla qarşılandı.

Əlisəfa Həsənov,

“Respublika”.