Yelisey sarayının dirijorluğu ilə ifa edən xor kapellası
Siyasət

Yelisey sarayının dirijorluğu ilə ifa edən xor kapellası

Qərbin riyakarlığı növbəti dəfə Avropa Şurası Parlament Assambleyasının simasında özünü təsdiq etmiş oldu. Bütün əsassız və qərəzli ittihamlarını "ədalət" və ya "hüququn aliliyi" kimi universal dəyərləri alət edərək əsaslandırmağa çalışan, beynəlxalq hüququ gözardı edən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan riyakar "qanun keşikçiləri" özlərini ifşa etməyə davam edirlər. Heç şübhəsiz ki, AŞPA-da keçirilən müzakirələr və nümayəndə heyətimizə qarşı nümayiş etdirilən qərəzli mövqe buna bariz nümunədir.

İlk olaraq qeyd etmək lazımdır ki, Avropanın işğalçı Ermənistana verdiyi dəstək faşizm ideologiyasının və imperialist çıxışların bu coğrafiyada nə qədər dərin izlərə sahib olduğunun təcəssümüdür. Əks halda, Azərbaycanın işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi və terrorun bütün növlərinə qarşı apardığı haqq mübarizəsi, yaratdığı yeni reallıqlar fonunda bizə qarşı bu qədər ədalətsiz yanaşmalar təzahür edə bilməzdi.

Bütün qərəzli çıxışlarda eyni ritorika, dəst-xətt müşahidə olunur. Yəni Yelisey sarayının dirijorluğu ilə ifa edən xor kapellasının cılız səsi ikrah yaradır. Amma biz otuz ildir ki, bu səsi fərqli formalarda eşidirik. Bir tərəfdən işğala və işğalçıya dəstək verib, digər tərəfdən isə sülhdən, hüquqdan, ədalətdən danışanların sərhədsiz riyakarlığına artıq çox yaxşı bələdik. Ona görə də AŞPA-nın bu qərəzli və əsassız ittihamları heç də təəccüb doğurmur. Ümumiyyətlə, qəbul edilən qərarların bizim üzərimizdə hər hansı bir təsir gücü olmadığı kimi, heç bir önəmi də yoxdur. Amma Avropanın köklü tarixə sahib güc mərkəzlərinin bu gün düşdükləri vəziyyət və erməni lobbisinin maraqlarının "alətinə" çevrilməsi böyük təəssüf yaradır.

Nəticə etibarilə bu gün biz qlobal sistemdə hökm sürən anarxiya şəraitində ikili standartlar və ədalətsizliklərlə mübarizə apardığımız üçün Qərbin bəzi siyasi dairələri tərəfindən hədəfə alınmışıq. İstisnasız olaraq bizi hədəfə çevirməyə çalışanların maraqlarının arxasında erməni lobbisinin olduğu da unudulmamalıdır. Amma kimin hansı mövqedən çıxış etməsindən asılı olmayaraq, Azərbaycan qarşısına qoyduğu hədəflərə bir-bir nail olur. İndi inkişaf tariximizin yeni mərhələsində daha böyük hədəflərə doğru qətiyyətlə addımlayırıq.                             

Aytən QURBANOVA,

politoloq.