Çökməkdə olan Ermənistan
Siyasət

Çökməkdə olan Ermənistan

"Noldu Paşinyan?" deyimi Ermənistanda hazırkı reallıqla üst-üstə düşür. Hələ 2018-ci ildə Nikol Paşinyan Ermənistanda baş nazir seçilərkən xalqın ona böyük ümidi və inamı var idi.

Hakimiyyətinin ilk vaxtlarında boş-boş vədlər verərək ölkənin üzləşdiyi çətinliklərin həlli istiqamətində böyük islahatlar aparacağını bildirən yalançı demokrat özünün bu postda təsadüfi olduğunu yarıtmaz siyasəti ilə təsdiq etdi. Populist çıxışları ilə sadə xalqın rəğbətini qazanan baş nazir zaman keçdikcə heç də öz sələflərindən fərqlənmədi. Əksinə, ölkədə ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi. Nəticədə, xalqın hakimiyyətə qarşı etiraz dalğası artan templə davam etdi. Artıq ölkədə nə Paşinyan hakimiyyətindən, nə də ölkənin gələcək inkişafından müsbət nəsə gözlənilmir. Hadisələrin gedişatı və ölkədə baş verən siyasi proseslər onu göstərir ki, Paşinyana qarşı daxili siyasi savaş son həddədir.

Erməni xalqının gəldiyi qənaətə görə, Paşinyan kimi oyunbazların məqsədi millətin maraqlarına xidmət etmək deyil, öz şəxsi ambisiyalarından çıxış edərək dövlətini talan edib, havadarlarının kölgəsində gizlənməkdir. Onun qonşu dövlətlərlə münasibətləri daha da gərginləşdirməsi və yaxud da zamanında arxalandığı Rusiyaya qarşı xəyanəti heç də ürəkaçan hal deyil. Bu münasibətlər onsuz da acınacaqlı durumda yaşayan xalqın vəziyyətini daha da çətinləşdirir. Baş verənlər hakimiyyətin yarıtmaz fəaliyyəti, siyasi savadsızlığın təzahürü və erməni xislətindən qurtara bilməmək xəstəliyidir. Bu isə Ermənistanı Cənubi Qafqaz bölgəsində tək qalmağa, problemlər məngənəsində boğulmağa təhrik etməkdir. Nikol Paşinyanın nizamsız çıxışları, hər gün bir sevdaya düşməsi onu göstərir ki, bu insan siyasətdən bixəbər, "küçə siyasətindən" gəlmişdir və havadarlarının ətəyindən qopa bilmir. Bir-birini təkzib edən bəyanatları, son zamanlar isə Qərbə meyil etməsi onun səriştəsizliyindən və özgə yalına alışmağından başqa bir şey deyil.

İqtidarın yarıtmaz siyasəti ölkəni iqtisadi inkişafdan geri qoyaraq işsizlik problemi ilə yanaşı, səfalət və yoxsulluğun da xeyli artmasına səbəb olub. Əhalinin sayının ildən-ilə azalması isə bəzi ərazilərin boş qalmasına gətirib çıxarıb. Yerli mətbuat yazır ki, Paşinyan hakimiyyəti xalqı yox, öz şəxsi maraqlarını düşünür. Elə bu səbəbdən də, Ermənistan hazırkı acınacaqlı vəziyyətə düşüb. Qeyd edilir ki, məhz iqtidarın siyasəti nəticəsində dövlətin borcları sürətlə artır, əhalinin rifahı aşağı düşür. Yoxsulluq, korrupsiya, işsizlik pik həddə çatıb. İqtisadi cəhətdən çökmüş ölkənin tənəzzülü qaçılmazdır. Xalq-iqtidar arasında böyük bir uçurum yaranıb. Hakimiyyət isə millətin taleyini fikirləşmək, iqtisadiyyatı dirçəltmək, yaxın qonşularla münasibətləri sülh və sabitlik şəraitində qurmaq əvəzinə, yeni münaqişə ocaqları alovlandırmaq istəyir. Yoxsul vəziyyətə düşmüş millətin sosial rifah halını yaxşılaşdırmaqdansa, olmayan büdcəsini yararsız silahlara xərcləyir. Fransa, Hindistan kimi ölkələrdən istifadəyəyararsız, vaxtı ötmüş silahları ölkəyə daşımaqla məşğuldur. Bu isə ondan xəbər verir ki, Ermənistan hakimiyyəti ölkənin gələcəyini, rifahını və inkişafını düşünmür. Əksinə, yeni münaqişə və müharibə "axtarışındadır".

44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan əslində düşdüyü vəziyyəti düzgün qiymətləndirməli, qeyd-şərtsiz, yubatmadan sülh danışıqlarının şərtlərinə əməl edib mehriban qonşuluq şəraitində yaşamağı üstün tutmalı idi. Lakin belə olmadı. Hakimiyyətə gəldiyi gündən qərbpərəst siyasəti ilə seçilən Paşinyan hakimiyyətdə təmsil olunan bəzi qüvvələrlə hesablaşmır. Məmurlar öz işlərinə etinasız yanaşır, hakimiyyətdə yaranan boşluqdan istifadə edirlər. Yaxın günlərdə Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında çıxış edərkən binanın işıqlarının qəfil sönməsi baş nazirin hiddətinə səbəb olub. Çaşqınlıqla ətrafa baxan baş nazir bir neçə saniyə qaranlıqda qalmalı olub. O, görüşün mövzusundan kənara çıxıb və ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyana müraciət edərək ölkədə elektrik enerjisi təchizatının keyfiyyətində yaranmış problemlərdən danışıb.

Ermənistan liderinin sözlərinə görə, ümumilikdə ölkədə elektrik enerjisinin keyfiyyəti kifayət qədər yaxşı deyil və ciddi narahatlıq doğurur. Ölkədə analoji hadisə demək olar ki, hər gün təkrar olur və hətta hökumət binalarında da işıqlar daima kəsilir. Əslində isə yaranmış problem Ermənistanın hazırkı vəziyyətinin göstəricisidir. Heç bir inkişaf və tərəqqi yoxdur və Ermənistan qaranlıq dalanlarda can verir.

Ramidə YAQUBQIZI,

"Respublika".