Antoniu Quterreş:
Dünya xəbərləri

Antoniu Quterreş: "Dünya liderləri dinc və firavan bir dünya qurmaq cəhdlərində çox geri qalırlar”

“Bəşəri ailəmiz həmişəkindən daha böyükdür. Bununla belə, dünya liderləri hər kəs üçün dinc və firavan bir dünya qurmaq cəhdlərində çox geri qalırlar”.

"Respublika" bildirir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreşin 11 iyul - Ümumdünya Əhali Günü ilə bağlı müraciətində bildirilib.

Qeyd olunub ki, BMT 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəfindən ciddi şəkildə uzaqdır: “Bu sürətlə gender bərabərliyinə ancaq 300 ildən sonra nail olacağıq. Ana sağlamlığı və ailə planlaşdırması imkanlarına çıxışın təmin olunmasında irəliləyiş çox ləngdir. Builki Ümumdünya Əhali Günü gender bərabərliyinin potensialını üzə çıxarmağa həsr olunub. Gender əsaslı ayrı-seçkilik hər kəsə, o cümlədən qadınlar, qızlar, kişilər və oğlanlara zərər verir”.

Bildirilib ki, qadınların inkişafına qoyulan sərmayədən bütün insanlar, icmalar və ölkələr faydalanır: “Gender bərabərliyi sahəsində inkişafın əldə olunması, ana sağlamlığının yaxşılaşdırılması və qadınların müstəqil şəkildə reproduktiv seçim etmək hüquqlarının təmin olunması özü-özlüyündə əhəmiyyətli olmaqla yanaşı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib rol oynayırlar. Gəlin, öz hüquqları uğrunda mübarizə aparan qadınlar və qızların yanında olaq. Gəlin, Dayanıqlı İnkişaf Məqsədlərinin 8 milyard insanın hər biri üçün reallaşması naminə səylərimizi daha da gücləndirək”.