DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİLİN BAŞ NAZİRİ: HƏMAS HÜCUMA GÖRƏ CAVAB VERƏCƏK

“İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir”. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində bəyan edib. Baş nazir İsrail vətəndaşlarını əmin edib ki, HƏMAS hücuma görə cavab verəcək.

Bununla yanaşı, hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, 7 oktyabr 06:29-dan günorta saatlarına qədər Qəzzadan İsrail ərazisinə 2500-ə yaxın raket atılıb. İsrail ordusu buna cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başlayıb. Xüsusi təyinatlılar da daxil olmaqla, çoxsaylı müdafiə ordusu əsgərləri Qəzza zolağının ətrafına göndərilib və İsrailin cənubundakı sakinləri qorumaq üçün bölmənin müxtəlif yerlərində fəaliyyət göstərir.

Eyni zamanda, İsrail ordusuna məxsus onlarca döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus bir sıra hədəflərə zərbələr endirib.

AVROPA İTTİFAQINDA HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏ BAŞLAYIB

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna ilə əlaqədar fərqli mövqeləri ilə bağlı öz aralarında qiyabi “dava” ediblər. Bu barədə “Spiegel” qəzetində dərc olunan məqalədə qeyd olunur.

Nəşr bildirir ki, “dava-dalaşı” Avropa İttifaqında hakimiyyət uğrunda mübarizənin başlanğıcı adlandırmaq olar. Şarl Mişelin həmkarının xarici siyasət təşəbbüslərini tənqid etməsi yaranan gərginliyin ilkin səbəblərindən olub. Ursula fon der Lyayen cavab olaraq Avropa İttifaqı Şurası rəhbərinin bəyanatlarını pisləyib.

Məlumata əsasən, Şarl Mişelin “Ukraynanın Aİ-yə tezliklə qəbul olunacağı ilə bağlı” sözləri AK-nin sədrinin xüsusilə xoşuna gəlməyib. Fon der Lyayenin sözlərinə görə, siyasətçi Kiyevə 2030-cu ilə qədər təşkilatın bir hissəsi olmaq perspektivini təklif etməklə rəsmi səlahiyyətlərini aşır.

“Əvvəllər artıq Ursula fon der Lyayen və Şarl Mişel arasında hakimiyyət uğrunda kifayət qədər qəribə mübarizə gedib”, - deyə nəşr xatırladıb. Hazırda onların arasındakı münaqişə daha aydın görünür. Bu, xüsusilə xarici siyasət məsələlərində özünü büruzə verir.

MACARISTAN İSVEÇƏ NATO İLƏ BAĞLI ŞƏRT İRƏLİ SÜRÜB

Macarıstan parlamenti İsveç siyasətçiləri iki ölkə arasında ciddi şəkildə zədələnmiş münasibətlərdə etimadı bərpa edə bilsələr, İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək. “Teleqraf.com”un xəbərinə görə, bunu beynəlxalq təhlükəsizlik konfransında çıxış edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib.

Xarici işlər naziri xatırladıb ki, bir tərəfdən İsveç macar deputatlarını Şimali Atlantika Alyansına qoşulmasını təsdiqləməyə çağırır, digər tərəfdən isə onlara qarşı demokratiya və qanunun aliliyi prinsiplərini pozduqlarına görə haqsız iddialarla çıxış edir.

Eyni zamanda, nazir əmin olduğunu bildirib ki, əgər İsveç siyasətçiləri “ikitərəfli münasibətləri qarşılıqlı hörmət yoluna qaytarmağa” hazır olduqlarını göstərsələr, Macarıstan parlamenti ratifikasiyanı sürətləndirə biləcək.

Qeyd edək ki, İsveçin NATO-ya daxil olması ilə bağlı saziş ötən ilin yayında Macarıstan hökuməti tərəfindən ratifikasiya üçün parlamentə təqdim edilib, lakin bu məsələ ilə bağlı səsvermənin vaxtı müəyyən olunmayıb.

FRANSANI CƏNGİNƏ ALAN TAXTABİTİ TƏHLÜKƏSİ YUNANISTANA ÇATIB

Fransada başlayan taxtabiti təhlükəsi Yunanıstanda da getdikcə artır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Yunanıstan Taxtabitilərini Dərmanlama Şirkətləri Birliyinin (SEAME) sədri Yorgos Lambru məlumat verib. O qeyd edib ki, ölkə üzrə xüsusilə turizm bölgələrində tez-tez müşahidə olunan taxtabitilər səbəbilə həyəcan təbili çalınır.

Məlumata əsasən, taxtabitilərin baqaj və ictimai nəqliyyat vasitəsilə asanlıqla yayıla biləcəyinə diqqət çəkən Y.Lambru bu böcəklərin otellərdə, düşərgələrdə və mənzillərdə də görüldüyünü bildirib.

Qeyd edək ki, 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransanın demək olar ki, hər yerində rast gəlinən taxtabitilərlə bağlı narahatlıqlar artıb, bu həşəratlar hətta məktəblərdə də ortaya çıxıb.

TÜRKİYƏNİN QƏRBİN İTTİHAMLARINA CAVABI GECİKMƏDİ

Sanksiya tətbiq edilən malların Türkiyə vasitəsilə Rusiyaya daxil olması ilə bağlı Qərb ölkələrinin ittihamları əsassızdır, Avropa şirkətləri özləri Rusiya bazarına üçüncü ölkələr vasitəsilə daxil olmağın yollarını axtarırlar. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin ticarət naziri Ömər Bolat bəyan edib.

“Türkiyə ölkədə istehsal etdiyi malları keçmişdə olduğu kimi Rusiya ilə heç bir çətinlik çəkmədən ticarət edir. Avropa İttifaqı və ABŞ-da istehsal olunan mallara gəlincə, Türkiyə ərazisindən Rusiyaya daxil ola bilməzlər. Türkiyəyə qarşı irəli sürülən ittihamlar əsassızdır”, - deyə nazir qeyd edib.

Ömər Bolat vurğulayıb ki, Rusiya-Ukrayna münaqişə başlayandan bəri Türkiyə yalnız BMT-nin tətbiq etdiyi sanksiyalara əməl edib.

Eyni zamanda, nazir əlavə edib ki, bir çox Avropa şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiyaya öz mallarını tədarük etmək istəyirlər. “Onlar öz şirkətlərinə diqqət yetirməlidirlər”, - deyə türkiyəli nazir tövsiyə edib.

NATO KOSOVO İLƏ BAĞLI BƏYANAT YAYIB

Kosovonun şimalında baş verən hadisələrdən sonra NATO-nun tələbi ilə  200 əsgər Kosovaya göndərilib. Bu barədə “TRT” telekanalının verdiyi xəbərdə qeyd olunur.

Alyansdan verilən yazılı açıqlamada, NATO-nun Kosovadakı Sülh Qüvvələrini (KFOR) gücləndirmək üçün 200 Böyük Britaniya əsgərinin ilk kontingentinin oktyabrın 6-da Kosovaya getdiyi bildirilib.

“Əsgərlər artıq Kosovada olan 400 nəfərlik Britaniya kontingentinə qoşulublar”, -  deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Britaniya Müdafiə Nazirliyi sentyabrın 24-də Kosovanın şimalında baş verən hadisələrdən sonra Böyük Britaniya qüvvələrinin NATO-nun Kosovadakı sülhməramlı missiyasına qatılmasına qərar verildiyini açıqlayıb.

Qeyd edək ki, KFOR 1999-cu ilin 12 iyun tarixində Kosovada sülhü və sabitliyi dəstəkləmək məqsədilə həyata keçirilən sülhə dəstək əməliyyatına rəhbərlik edir.

ŞİMALİ AMERİKADA ƏN QƏDİM İNSAN İZLƏRİ AŞKARLANIB

Norveçin Tronheim Elm və Texnologiya Universitetinin alimləri ABŞ-ın Nyu-Meksiko ştatındakı Uayt Sends Milli Parkında gölün dibində aşkarlanan qədim insan ayaq izlərinin yaşını müəyyən ediblər. “Report” agentliyinin “Science” elmi jurnalındakı məqaləyə istinadən verdiyi xəbərə görə, tapıntı Şimali Amerika qitəsində insanların mövcudluğunun ən erkən əlaməti hesab olunur.

Eyni zamanda, mütəxəssislərin qənaətincə, Uayt Sendsdəki ayaq izləri 21-23 min il əvvəlki dövrə aiddir. Bu, öncəki təxminlərdən xeyli əvvəldir, buna görə insanların Şimali Amerikada 14-16 min il əvvəl, müasir Çukotka ilə Alyaska arasında Berinq boğazından keçən quru keçidi olan zaman meydana çıxıb.

Məlumata görə, yeni hesablamalar kvars dənələrinin və qədim iynəyarpaqlardan əldə edilən qalıq tozcuqların analizlərinə əsaslanır.

Tədqiqatçıların fikrincə, tapıntı arxeoloqların müasir insanların əcdadlarının “yeni qitə”yə nə vaxt gəlib çıxması ilə bağlı mövcud fikirlərini alt-üst edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.