Sülh üçün müsbət addımlar, yoxsa erməni xisləti?
Siyasət

Sülh üçün müsbət addımlar, yoxsa erməni xisləti?

Bu gün hələ də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi reallaşmayıb. Ölkəmizin təklif etdiyi 5 prinsipin Ermənistan tərəfindən müzakirəsi aylardır ki, yekunlaşmır. Sülh müddəalarının isə məhz Ermənistan tərəfindən müzakirə edilməsi məsələsi sual altındadır. Çünki İrəvan sülh prosesinin müddəalarına öz baxışıyla deyil, havadarlarının fikir və təklifləri əsasında yanaşır. Hələ də özünə havadar axtarmaqla, ssenarini öz lehinə çevirə biləcəyini düşünən İrəvan sülh prosesini ləngitməyə davam edir, sülh müqaviləsinin imzalanmasına mane olur. Təbii ki, Ermənistanın bu düşüncəsinin arxasında duranlar, onu həvəsləndirənlər də yox deyil.

Əvvəllər Rusiyanın forpostu, güvənc yeri olan Ermənistan son illərdə ABŞ və Qərbin təsiri altında hərəkət edir. İrəvan Fransa, ABŞ-la hərbi təlimlər keçirir, Hindistandan silah alır, digər tərəfdən isə sülhdən danışır. Ermənistanın son siyasi manevrləri Azərbaycana qarşı növbəti təxribatın xəbərçisi kimi görünür. Halbuki son hadisələrdən sonra hər kəs sülh sazişinin imzalanmasının yaxın olduğunu qeyd edirdi. Xüsusilə də baş tutmuş əsir mübadiləsi və Ermənistanın açıqlamaları müsbət irəliləyişdən xəbər verirdi. Lakin Samvel Şahmaryanın qondarma qurumun buraxılması barədə qərarı ləğv etməsi müəyyən suallar doğurur: Erməni xisləti yenidən özünü göstərir? Şahmaryanın özünün müstəqil şəkildə bu qərarı qəbul etməsi inandırıcı deyil. Belə fikir yaranır ki, revanşistləri kimlərsə yenidən qızışdırmağa çalışır.

Əsir mübadiləsi və müsbət yönlü açıqlamaların fonunda sülh sazişinin qısa zamanda imzalanacağı haqqında fikirlərə Ermənistanın silah alması və hərbi gücünü artırması kimi faktlar kölgə salıb. Bu ölkədə bir tərəfdə revanşist fikirlər alovlandırılır, digər tərəfdə sülh açıqlamaları verilir. Bütün bunlar Ermənistanda müstəqil siyasətin sadəcə, imitasiya olduğunu sübut edir. Erməni əhalisi hərbi müttəfiq Rusiyanın, ya da beynəlxalq himayədarların göndərdiyi Qərb müşahidəçilərinin Ermənistana kömək edəcəklərinə inanmaqda çətinlik çəkir. Təbii ki, onlar öz şübhələrində haqlıdır. Çünki böyük dövlətlər Cənubi Qafqazda sadəcə öz maraqları naminə mövcudluqlarını davam etdirməyə çalışırlar. Bu səbəbdən də İrəvan hakimiyyəti imitasiya yerinə, müstəqil olmalı, dəqiq addımlar atmalıdır.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi, Cənubi Qafqazın inkişafı üçün hər vəchlə çalışdığı bir vaxtda Ermənistanın yeni müharibə ehtimalı ətrafında müzakirələrə rəvac verməsi qəbuledilməzdir. Məğlubiyyətlə barışa bilməyən bəzi revanşist qüvvələr tərəfindən dəstəklənən bu fikirlər Ermənistanda Azərbaycana qarşı düşmənçilik əhvali-ruhiyyəsinin səngimədiyini göstərir.

Təbii ki, Cənubi Qafqazda öz məkrli siyasətini, geopolitik maraqlarını reallaşdırmaq istəyən Qərb ölkələri, xüsusilə də Fransa bu sırada öndə dayanır. Ermənistan bu təsir altında sayıqlayır. Paşinyan erməni əhalisinin dəstəyini itirməmək və Qərbin diqqətini cəlb etmək üçün sülhü yubadır, oyun oynayır, digər tərəfdən də Fransa və Hindistanın köməyilə silahlanır.

44 günlük Vətən müharibəsində Ermənistan da daxil olmaqla bütün dünya Azərbaycanın gücünü görüb. Sülhün imzalanması üçün hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən mesajları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmlidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".