“Ana dili - Azərbaycan məktəbi
Sosial həyat

“Ana dili - Azərbaycan məktəbi" layihəsi onlayn dərslərə start verib

2018-ci ildə yaradılan Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradan, müsbət gənc müəllim imicinin formalaşmasına, bu imicin təbliğ olunmasına təsir edən, pedaqoji istiqamətdə təhsil alan tələbələrdən başlayaraq innovativ inkubasiya imkanları təbliğ edən vahid idarəetmə sisteminin tətbiq olunduğu qurumdur.

AGMA-nın məqsədi təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək vermək, gənc müəllimləri bir arada birləşdirən şəbəkələşməni gücləndirmək, vahid strukturlaşmış mexanizm və idarəetmə sistemi yaratmaq, yerli və beynəlxalq səviyyədə assosiasiya əlaqələri və əməkdaşlıq imkanları qurmaqdır.

Bir çox layihələrin təşəbbüskarı olan AGMA artıq xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihəyə də start verib. "Ana dili - Azərbaycan məktəbi" ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində onlayn məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak edən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Seçim prosesində yalnız xaricdə yaşayan azərbaycanlılar iştirak ediblər.

29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb. Yaş qrupları isə bu cür müəyyən olunub: aşağı yaş qrupu (6-10 yaş), orta yaş qrupu (11-13 yaş), yuxarı yaş qrupu (14-18 yaş).

Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə "Microsoft Teams" platforması vasitəsilə onlayn qaydada təşkil edilir. Tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanmışdır. İki rüb olmaqla 2023-2024-cü tədris ilini əhatə edəcək. Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.

Vaxt və yaş kateqoriyası baxımından dərslərdə iştirak edə bilməyən şəxslərə gəldikdə isə onlar üçün yaxın vaxtlarda layihənin sosial media hesablarına və onlayn öyrənmə platformasına videodərslər yerləşdiriləcək.

Musa BAĞIRLI,

"Respublika".