Akademiyada islahatlar davam etdirilir
Elm və təhsil

Akademiyada islahatlar davam etdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Sonra Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev "Azərbaycanda İraq-Türkman araşdırmaları: yekunlar və vəzifələr" mövzusunda məruzə ilə çıxış edib.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın nəşrləri haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə bir sıra əsərlər nəşr olunub.

Sonra AMEA Rəyasət Heyəti aparatının elmi katibi, filologiya elmləri doktoru Sərxan Xavəri "Heydər Əliyev İli" çərçivəsində çap olunan kitabların siyahısını təqdim edib.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər - Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, İsmayıl Hacıyev, Fuad Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın tarixi ənənələri olduğunu, Azərbaycan elminin böyük məktəblər yaratdığını deyib və bu ənənələri qoruyub gücləndirməklə ölkə başçısının tələblərini və müasir dövrün çağırışlarını əsas götürərək yeniləşən Akademiya uğrunda islahatların bundan sonra da davam etdiriləcəyini söyləyib.

"Respublika".