Ağsu: Yüksək reproduksiyalı toxumlar istehsalı yüksəldir
Region

Ağsu: Yüksək reproduksiyalı toxumlar istehsalı yüksəldir

Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqroservis xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılır və böyük layihələrin icrası davam etdirilir.

Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaratmışdır. Bu sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib. Həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur.

Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynov əməkdaşımızla söhbətində qeyd etdi ki, rayonda torpaq mülkiyyətçiləri taxılçılığın inkişaf etdirilməsinə həmişə yüksək münasibət göstərirlər. Belə ki, 2022-ci ilin payızında 2023-cü ilin məhsulu üçün 33885.8 hektar sahədə taxıl əkini aparılmışdır. Monitorinq və keçirilmiş görüşlər zamanı taxıl əkinlərində aqrotexniki işlərin yerinə yetirilməsi ilə əlaqədar istehsalçılar arasında təbliğat və təşviqat işləri aparılmış və ehtiyac olan sahələrdə xəstəliklərə, ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə aparılmışdır.

Taxılçılıqla məşğul olan fermerləri yüksək reproduksiyalı taxıl toxumu ilə təmin etmək məqsədilə rayonda fəaliyyət göstərən 3 toxumçuluq təsərrüfatı tərəfindən 2022-ci ilin payızında 968 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmışdır.

Qeyd edək ki, aqrotexniki tədbirlərin, o cümlədən əsas və yemləmə gübrələrinin verilməsi, xəstəlik, ziyanvericilərə və alaq otlarına qarşı vaxtında mübarizə tədbirlərinin aparılması nəticəsində sahələrdən yüksək məhsul yığılır. İlin 6 ayı ərzində 30589.3 hektar sahədə biçin aparılmış, 105646 ton məhsul istehsal olunmuş, məhsuldarlıq hektardan 34,54 sentner təşkil etmişdir.

Mərkəzin direktoru bildirdi ki, rayonda ənənəvi sahə hesab edilən, ərzaq məhsullarına olan tələbatın dolğun ödənilməsində vacib rolu olan və əhalinin gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir.

2023-cü ilin iyun ayının ortalarından etibarən taxıl biçinindən sonra təkrar əkinlərə başlanılmışdır. 800 hektar sahədə qarğıdalı, 100 hektar sahədə günəbaxan və 350 hektar sahədə isə digər yem bitkilərinin əkilməsi proqnozlaşdırılır. Təkrar əkin məqsədilə 350 hektar sahədə şumlama aparılmışdır.

M.QULUYEV,

"Respublika".